"Rusiya benzininin idxalına qoyulacaq qadağa böyük qiymət artımına səbəb olmayacaq"-Ekspertdən açıqlama

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:22 01.03.2024

Gürcüstan martın 1-dən Rusiyadan benzin idxalına qadağa tətbiq edəcək. Bu qadağa qiymət artımına səbəb ola bilər?

 

“İnformator.az”a açıqlamasında iqtisadiyyat eksperti Rəşad Həsənov məsələyə münasibət bildirib. 

 

"Əslində, görülən ondan ibarətdir ki, Gürcüstan enerji təchizatı sahəsində mənbələri əhəmiyyətli səviyyədə şaxələndirib. Bu mənbələr üzrə olmaqla yanaşı, eyni zamanda, daxili bazarda təchizatlı şirkətlərin sayı ilə də bağlıdır. Azərbaycanın da Socar şirkəti vasitəsilə bu prosesdə iştirak edir". 

 

Müsahib qeyd edir ki, Gürcüstanın qeyd edilən istiqamətdə məhdudiyyət tətbiqi ciddi zərər görəcəyi və yaxud böyük qiymət artımına şərait yaranacağı anlamına gəlmir.

 

"Çünki Gürcüstan Rusiyadan yanacaq almasa da digər mənbələrdən yanacaq ala bilir. Ümumiyyətlə, benzinin qiyməti dünya bazarlarında formalaşdığı üçün Gürcüstan bazarına da burda çox kiçik bir bu faktordan qaynaqlanan qiymət artımına gətirib çıxaracaq ciddi risk görmürük. Gələcəkdə digər faktorlar qiymətlərin dəyişməsinə səbəb ola bilər, amma məhz Rusiyadan idxalın məhdudlaşdırılması səbəb ola bilməz". 

 

Ekspert əlavə edir ki, Rusiya 2023-ci ildə belə Gürcüstan bazarında çox böyük təchizatçı olmayıb və bu o deməkdir ki, daha rahat şəkildə bazarda yaranmış müvafiq çatışmazlığın alternativ mənbələrdən kompensasiya edilməsi mümkündür. 

 

Rəşad Həsənov sonda qeyd edir ki, statistik göstəricilər onu deməyə əsas verir ki, Gürcüstan il ərzində 1 milyon 200 min ton yanacaq idxal edir. Bu həm dünya, həm region bazarları üçün böyük göstərici olmadığından qiymətlərin dəyişməsinə səbəb olmayacaq. 

 

 

Gülnisə Əfkari