Qızılın qiyməti rekorda imza atıb-Ekspertdən açıqlama
Bölmə: İqtisadiyyat › ,Tarix: 21:32 07.03.2024
Qızılın qiyməti dünya bazarlarında tarixi maksimuma çatıb. Dünya bazarında bir unsiya (31 qram) qızılın qiyməti 1880 dollara qədər yüksəlib. Qiymətlərin bu həddə qədər yüksəlməsi tarixi rekord hesab edilir. Artıq bir qram qızılın qiyməti 60 dollardan baha satılır. Halbuki, bir ay əvvəl qızılın qramı 48 dollar olub.
Bu Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
“İnformator.az”a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov məsələyə münasibət bildirib.
Dünya qızıl bazarında intensiv olaraq qiymət artımı və ucuzlaşma prosesi baş verir. Lakin indiki dönəmdə ötən illə müqayisədə qiymətlər yenə də bahadır. Qiymət artımı 2023-cü ilin iyul ayından etibarən başlayıb. Ötən ilin sonlarında isə qızılın 1 unsiyasının qiymətinin rekord səviyyəyə çatdığı müşahidə olundu.
Müsahib əlavə edir ki, daha bir artım isə fevral ayında yaşandı. 2023-cü ilin fevral ayına nisbətən qiymətlər arasında fərq kəskin dərəcədə nəzərə çarpır. Hazırda ötən ilə nisbətən bahalıqdır. Bahalaşma tələbin artması ilə bağlı olur. Bu da qiymətli metalların qiymətində artıma səbəb olur. Belə olduqda bir sıra şəxslər bu sahəyə investisiya qoyurlar. Elə bu səbəbdən də ötən ilin sonlarında qızıl və digər qiymətli metalların satışında fantastik qiymətlər müşahidə olunurdu. Qiymətlərin ucuzlaşması isə FED-in verdiyi müəyyən faiz dərəcələrinin aşağı salınması ilə bağlı qərarlardan asılıdır və simulyasiya xarakteri daşıyır.
Müsahib sonda qeyd edir ki, onun fikrincə, yay aylarında qiymətlər yenə bahalaşmağa doğru gedəcək. Qızılın bir unsiyasının qiyməti 2500 dollara qədər arta bilər. Bu bahalaşmaya təsir göstərən birinci amil isə ABŞ-də keçiriləcək prezident seçkiləridir ki, FED indi verdiyi qərarlara tərs-mütənasib addımlar atmağa başlayacaq.
Gülnisə Əfkari