DOST TV bu gündən fəaliyyətə başladı
Bölmə: Sosial › ,Tarix: 16:04 02.04.2024
Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başladı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet resursu olan DOST TV yayım konsepsiyasında əsasən əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları əhatə olunacaq. TV-nin ilk efir günündə "Sosial saat" verilişdə qonaq Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev oldu. Nazir canlı yayımda vətəndaşlardan gələn sualları cavablandırdı. Yeni TV izləyiciləri ilə birbaşa təmasda, canlı yayım rejimində çalışacaq. Profilinə uyğun informativ xarakterli verilişləri yayımlamaqla yanaşı, sosial şəbəkə istifadəçilərinin sosial məsələlərlə bağlı sualları da Nazirlik rəsmilərinin iştirakı ilə birbaşa cavablandırılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirdi ki, hər gün “YouTube” platforması üzərindən DOST TV-nin çoxşaxəli verilişləri yayımlanacaq: “Canlı müzakirələrimiz, sosial şəbəkələrdən gələn sualların cavablandırılması istiqamətində verilişlərimiz olacaq. Nəinki nazirliyin nümayəndələri, müxtəlif ekspertlər, bu sahədə vətəndaşlara yönələn bütün məlumatların çatdırılmasında maraqlı olan tərəflərə platforma yaradacağıq. İnanırıq ki, vətəndaşlarımızın müraciət edəcəyi ilk mənbə olaraq DOST TV çoxsaylı izləyici qazacanaq”.
DOST TV-nin aparıcısı Şahin Əliyevin sözlərinə görə yeni tv vətəndaşla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlavə kommunukasiya vasitəsi olmaqla bərabər, həmçinin, vətəndaşların arzularının, təkliflərinin səsləndiriləcəyi bir platforma olacaq:
“Bu platforma vətəndaşlar üçün tam açıqdır. Biz buna, həmçinin, dost əli də deyirik, yəni vətəndaşa uzadılan bir dost əli. Əgər vətəndaşın sosial sahə ilə bağlı hər hansi bir təklifi, arzusu, narazılığı varsa, bizə müraciət edə bilər. Və biz onun səsini cəmiyyətimizə çatdırmaqla yanaşı, qaldırılan məsələ ətrafında ətraflı müzakirə aparmaq, təkliflər varsa, bunlar üzərində cəmiyyətin, ekspertlərin rəyini öyrənmək kimi bir missyanı öz üzərimizə götürürük”.
Qeyd edək ki, digər dövlət qurumları, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıqda fəaliyyət göstərəcək DOST TV həmin qurumların, QHT nümayəndələrinin, ekspertlərin iştirakı ilə sosial mövzularda təhlil və diskussiyalara, müzakirələrə də daim açıq olacaq.
Ləman Bayramlı