100 sağlam uşaqdan 3-ündə rast gəlinən xəstəlik -AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 23:28 07.05.2024
Son zamanlar böyüklərdə və uşaqlarda ən ciddi problemlərdən biri də onurğanın əyilməsidir.
Skolioz adlandırılan onurğa əyriliyinin yaranma səbəbləri və müalicə üsulları ilə bağlı Uzman Fizioterapevt Əziz Dəvrişov "informator.az"-a açıqlama verib.
"Skolioz onurğa sütunu deformasiyaları arasında ən çox rast gəlinən və proqressiv mərhələlərdə son dərəcə ciddi duruş pozğunluqlarına səbəb olan üçölçülü onurğa deformasiyasıdır. Bu deformasiya onurğanın struktur qüsuruna görə və ya onurğaya aid olmayan səbəblərə görə inkişaf edə bilər.
Struktural olmayan skolioz adətən zamanla və ya skoliozun əsas səbəbi aradan qaldırıldıqda sonra qismən yox olur. Struktural skolioz adətən idiopatik şəkildə baş verir, lakin sinir-əzələ xəstəlikləri, birləşdirici toxuma pozğunluqları, infeksion və ya neoplastik vəziyyətlər, neyrofibromatoz, degenerativ və revmatik xəstəliklər, metabolik pozğunluqlar və müxtəlif travmatik təsirlər də onurğanın struktural əyriliyinə səbəb ola bilər".
Skoliozun səbəbi nədir?
"Hər 100 sağlam uşaqdan 3-ündə rast gəlinən idiopatik skoliozun səbəbi tam açıqlanmayıb. Bununla belə, xəstəliyin baş verməsi ilə əlaqəli bəzi amillər vardır:
Hormonal amillər,biomexaniki amillər
,cins, inkişaf xüsusiyyətləri, genetik meyl kimi anadangəlmə xüsusiyyətlər,d vitamini çatışmazlığı,qeyri-sağlam yemək vərdişləri və.s".
Fizioterapevt skoliozun heç bir simptom olmadan, təsadüfi şəkildə aşkar ediliyini bildirib.
"Skolioz uzun müddət heç bir simptom olmadan irəliləyə bilər. Adətən ağrıya səbəb olmur və əksər hallar başqa səbəblərdən çəkilmiş rentgenoqrafiyada təsadüfən aşkar edilir. Ancaq hamstring əzələlərində elastiklik itkisi, onurğanın əyilmə qabiliyyətinin azalması, qarın və bel əzələlərində zəiflik olan insanlarda bəzi fiziki fəaliyyətlər nəticəsində şiddətli bel ağrıları yarana bilər.
Bununla belə, onurğanın döş qəfəsi ilə əlaqəsini nəzərə alsaq, şiddətli əyriliyi olan insanlar skolioza bağlı döş qəfəsi deformasiyaları səbəbindən səthi tənəffüs, təngənəfəslik və tənəffüs yolları infeksiyalarından şikayət edirlər. Proqressiv irəliləyən və müalicə olunmayan hallarda skolioz depressiv əhval-ruhiyyəyə və müxtəlif psixi xəstəliklərə qarşı həssaslığı artırır, onurğa sütununun 90°-dən yuxarı əyrilikləri isə qəfil ölümə səbəb ola bilir".
Müsahib skoliozun müalicə üsullarını da qeyd edib.
"Erkən diaqnoz idiopatik skoliozun müalicəsində ilk addımdır. Erkən diaqnozla xüsusilə yeniyetməlik dövründə əyriliyin irəliləməsinin qarşısını almaq, onurğa sütununu optimal bucağına qaytarmaq və bununla da həm estetika, həm də duruşun yaxşılaşdırılması məqsəd qoyulur. İrəli dərəcə skolioz müalicələrinin məqsədi, ilk növbədə onurğada ağrı şikayətini azaltmaq, müşayiət olunan fiziki problemləri sağaltmaq və tənəffüs funksiyasını yaxşılaşdırmaqdır. Skoliozda xüsusi idmanlar, onurğa sütununu gücləndirmək və əyriliyin irəliləməsini dayandırmaq üçün tətbiq edilən konservativ müalicə üsullarından biridir. Ən çox seçilən üsul, bədənin asimmetrik yük paylanmasını aradan qaldıraraq duruşu düzəldən üç ölçülü Schroth metodudur. Hər bir pasiyentə görə fərdi hazırlanan bu metodda onurğanın əyriliyinə uyğun olaraq və müxtəlif nəfəs texnikaları ilə dəstəklənən idmanlar sayəsində, təsirlənmiş bölgədəki əzələlərin elastikliyi artır, əzələ gücü, bədənin hərəkətliliyi və ümumi koordinasiya səviyyəsi dəstəklənir".
Zeynəb Mustafazadə