"Bu janrlara ədəbiyyatımızda rast gəlinmir"-Yazıçı Miri Rəsulzadə

Bölmə: Mədəniyyət › ,
Tarix: 19:23 29.05.2024

Dünya ədəbi trendləri Azərbaycana gəlib çatırmı? Müəlliflərin zövqü, seçib incələdikləri mövzular nə qədər müasirdir? Nə dərəcədə müasir oxucunun marağına, tələbinə uyğundur?

 

"İncəsənətin bütün sahələrində, eləcə də ədəbiyyatda trenddə olmaq, mövzuları tutmaq lazımdır. Müasir dünya oxucusu smart, yəni ağıllı mövzulara meyillidir. Dünya müəllifləri indi öz əsərlərinin təkcə bədii tərəfi ilə kifayətlənmirlər. Elmi ixtiralar, smart texnologiyalar indiki bədii mətnlərdə geninə-boluna əks edilir. Ən yeni ixtiralar alimlərdən sonra yazarların öhdəsinə buraxılır". Bu sözləri "İnformator.az"-a sözügedən mövzu ilə bağlı açıqlamasında yazıçı Miri Rəsulzadə bildirib.

 

Yazıçı əlavə edir: "Yazarlar öz əsərlərində bu mövzuları həyatın sınağına buraxır, insan psixologiyasının süzgəcindən keçirirlər. Ancaq bu vacib sahə ədəbiyyatımızda hələ də pasport almayıb. İstisnalar var, amma yetərincə deyil".

 


M.Rəsulzadə dünya ədəbiyyatında gedən proseslərin Azərbaycan ədəbiyyatına təsiri mövzusunda ləngidiyimizi bildirir.

 


"Dünya ədəbiyyatında ümumi elə proseslər gedir ki, elmlə ədəbiyyatın vəhdəti, gələcək barədə proqnozların ədəbiyyatda əks olunması və xeyli dərəcədə informasiyanın məhz ədəbi əsərlər vasitəsilə çatdırılmasına üstünlük verilir. Məsələn, “Da Vinçinin kodu" kimi əsərləri başa düşmək üçün hazırlıqlı oxucu olmalısan, intellektual olmalısan. Yoxsa bu tipli əsərlərin məğzində duran məsələlərdən xəbərdar olmaq müşkül məsələdir".

 


Həmsöhbətçimiz qorxu janrının Azərbaycan ədəbiyyatında olmamasından söz açıb: "Dünya ədəbiyyatında olan, amma bizdə olmayan maraqlı janrlardan biri də qorxu janrıdır. Azərbaycan ədəbiyyatında bu janra aid bircə dənə də nümunə tapa bilməzsiniz.
İnsanların, millətlərin qorxu kompleksləri, müxtəlif fobiyaları misal üçün Steven Kingin yaradıcılığında ön sıradadır. O, adi Amerika vətəndaşının şüur altındakı fobiyaları böyük məharətlə tapıb üzə çıxarır, ədəbi mətnə çevirir.
Folklorumuzda bu cür qorxulu nağılların tək-tük nümunələri mövcuddur. Ancaq müasir yazarlarımızın biri belə bu vacib sahədə öz qələmini sınamayıb. Belə davam etsə, heç sınamayacaq da".

 


"Keçək ədəbi dekanstruksiyalara - köhnə əsərləri dəyişib yeni məzmunda oxucuya təqdim etməyə. Bu metod indiki dünya ədəbiyyatının ən böyük nailiyyətidir. Bu innovativ cəhdlər də kiçik istisnalarla ədəbiyyatımızda gözə dəymir. Yazıçılar buna laqeyd münasibət sərgiləyir, köhnə mətnlərlə işləməyi bacarmırlar. Halbuki tanış ədəbi mətnlərə ikinci nəfəs vermək bizə bu gün hava-su qədər lazımdır. Ədəbiyyatın oksigen ehtiyacı məhz burada yaradılır".

 

 

Yazıçı fantaztik, multikulturalizm, paranormal, yadplanetlilər barədə roman və s. kimi mövzulara yazıçılar tərəfindən Azərbaycan ədəbiyyatında müraciət olunmadığını qeyd edib.

 

"Fantaztik janrı da yazarlarımız arasında qəti populyar deyil. Son 10 ildə yazarlarımız bircə dəfə də fantastik mövzuya müraciət etməyiblər".

 


"Tarixi, bioqrafik mövzular çağdaş dünya ədəbiyyatında indi bir başqa cür işlənilir. Məşhur bioqrafiyaların, tarixi hadisələrin saxta, yalançı, aldadıcı versiyaları indi dünya yazarları arasında xeyli məşhurdur. Misal üçün, Napaleon Bonapartın alternativ və aldadıcı bioqrafiyaları indi kitab bazarlarında özünə xeyli alıcı toplayır. Azərbaycan yazarı isə bu vacib sahədə də gerilik nümayiş etdirir, ənənəvi bioqrafiya janrından kənara çıxa bilmir. Tarixi mövzuları orta əsr mirzələri səviyyəsində həll edir, daha doğrusu heç nə həll etmir. Ədəbiyyatımız hələ də çox millidir, daha dəqiq desək milli yox, əyalət mənşəlidir, mövzuları arxaik, darıxdırıcıdır. Kənd mövzusunu, qaçqın taleləri ilə əvəzləmək cəhdləri uğursuz görünür".

 

"Multikulturalizm ölkəmizdə geniş təbliğ edilsə də ədəbiyyatımızda özünü əks etdirmir. Misal üçün məşhur hind yazarı Salman Rüşdü "Qızıl ev" romanında Barak Obama Amerikasını gözəl təsvir edib. Üfüqlərdə görünən Tramp təhlükəsindən oxucularını bəri başdan məlumatlandırıb. Bu cür öngörmə nümunələrini ədəbiyyatımızda axtarmayın,y oxdur. Biz ancaq keçmişlərdə, köhnə mövzularda eşələnirik. Bizdə öncə görmələr yox, keçmişi görmələr var".

 

"Mən hələ mistik, paranormal mövzular, yadplanetlilər barədə roman və hekayələri demirəm. Bu üslublar dünyada aparıcı mövzular olsa da ədəbiyyatımız bu ədəbi trendlərə qarşı ağız büzməklə məşğuldur. Müasir ədəbi trendlərlə ayaqlaşmayan yazarlarımız çıxış nöqtələrini Cəlilə, Axundova, Sabirə qayıtmaqda görür. "Poçt qutusu", "Novruzəli" kimi köhnə mövzuları yenidən dirildirlər. Biz dünya ədəbi trendlərini Azərbaycana gətirilməliyik. Bəzi yazarlar özlərini klassiklərlə səhv salıb, xalqı aşağılamağa başlayırlar. Öz uğursuzluqlarının səbəbini milli mənəvi dəyərlərimizdə axtarırlar. Bu kor dalanın sonunda işıq varmı? Əlbəttə, var. Dünya ədəbi prosesinə diqqətimizi artırmalı, müasir trendləri Azərbaycana gətirilməliyik".

 

Çinarə Muradova