2024-CÜ İLDƏ PENSİYALAR NƏ QƏDƏR ARTACAQ?
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun sosial islahatların növbəti mərhələsində yaşa görə pensiyanın orta aylıq məbləğini 500 manata və ondan da yüksəyə qaldırıla biləcəkləri ilə bağlı açıqlaması iqtisadçıları mümkün rəqəmlər ətrafında proqnozlar verməyə vadar edib. İqtisadçı-ekspert Eldəniz Əmirov deyir ki, hazırda yaşa görə pensiyanın orta aylıq məbləği 465 manatdır. “Həm minimum pensiya məbləği, həm də minimum əmək haqqının həcmi müvafiq olaraq indeksasiya edilir. Bu indeksasiya, əsasən, illik inflyasiya göstəriciləri əsasında formalaşdırılır. Eyni zamanda, Azərbaycanda 2023-cü ildə baş tutacaq, inflyasiyanın göstəricisi, hazırki proqnozlara görə, demək olar ki, 8-14 faiz aralığında özün göstərəcək”. Bunları nəzərə alan ekspert pensiyaların da 10-13 faiz ətrafında artırılacağını proqnozlaşdırır. “Amma, bununla belə, dəqiq rəqəm söyləyə bilmərəm. Növbəti ildən, pensiya artımı inflyasiya göstəriciləri nəzərə alınmaqla həyata keçiriləcək”.
HƏCƏR ƏMİRASLANLI
