00:00:00
Yazar
Zəhra Həsənova
10.11.2026 09:18 20 2 dəq oxuma
Sosial

Boşanmadan sonra aliment ödənişləri niyə problemə çevrilir?

Boşanmadan sonra aliment ödənişləri niyə problemə çevrilir?

Boşanmadan sonra uşaqların maddi təminatı ilə bağlı aliment ödənişləri bir sıra hallarda problemə çevrilir. Valideynlər arasında yaranan şəxsi münaqişələr, gəlirlərin gizlədilməsi və aliment öhdəliyinin hüquqi mahiyyətinin düzgün anlaşılmaması bu sahədə çətinliklər yaradan əsas amillər sırasındadır.

 

Mövzu ilə bağlı hüquqşünas Asim Abbasov “İnformator.az”a  açıqlamasında bildirib ki, nikahın pozulması ər-arvad arasındakı ailə münasibətlərinə xitam versə də, valideynlərin övladları qarşısında hüquq və vəzifələrini aradan qaldırmır.

 

Onun sözlərinə görə, boşanmadan sonra uşağın kiminlə yaşamasından asılı olmayaraq, hər iki valideyn onun saxlanılması, tərbiyəsi, təhsili və sağlam inkişafı ilə bağlı məsuliyyət daşımağa davam edir.

 

O qeyd edib ki, aliment ödənişlərinin problemə çevrilməsinin əsas səbəblərindən biri boşanmadan sonra valideynlər arasında yaranan münasibətlərin uşağın maddi təminatına da təsir etməsidir. Bəzi hallarda aliment öhdəliyi uşağa qarşı müstəqil hüquqi vəzifə kimi deyil, keçmiş həyat yoldaşına ödənilən vəsait kimi qəbul olunur. Halbuki alimentin əsas məqsədi uşağın saxlanılması və zəruri ehtiyaclarının qarşılanmasıdır.

 

Hüquqşünas vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə əsasən, valideynlərin uşaqlarını saxlamaq vəzifəsi nikah münasibətlərinin mövcudluğundan asılı deyil. Belə ki, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

 

Məcəllənin 75.2-ci maddəsinə əsasən, uşaqların saxlanılmasının qayda və forması valideynlər tərəfindən müstəqil müəyyən edilir. Tərəflər qarşılıqlı razılıq əsasında uşağın saxlanılması üçün çəkiləcək xərclərin bölüşdürülməsi və ödənişlərin həyata keçirilməsi qaydasını razılaşdıra bilərlər.

 

Bununla yanaşı, Ailə Məcəlləsinin 75.3-cü maddəsi valideynlərə yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması ilə bağlı aliment ödənilməsi haqqında saziş bağlamaq hüququ verir. Belə saziş gələcəkdə tərəflər arasında yarana biləcək mübahisələrin qarşısının alınmasına da kömək edə bilər.

 

Asim Abbasov bildirib ki, valideynlər arasında aliment ödənilməsi ilə bağlı razılıq olmadıqda və onlardan biri uşağın saxlanılmasında iştirak etmədikdə, Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, uşağın saxlanılması üçün vəsait məhkəmə qaydasında tutulur.

Ada Hacızadə

#yeni #aliment #niyə #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər