2025-ci ildə Türkiyə ixracatda tarixi rekord qırıb
Prezident Rəcəb Tayyib Ərdoğan 2025-ci ildə Türkiyənin ixrac sahəsində Cümhuriyyət tarixinin ən yüksək göstəricisinə nail olduğunu bəyan edib. Onun sözlərinə görə, dekabr ayında ixrac həcmi 26,4 milyard dollarla aylıq rekord qırıb. İl ərzində mal ixracı əvvəlki ilə nisbətən 4,5 faiz artaraq 273,4 milyard dollara çatıb. Ərdoğan bu uğuru Türkiyə ixracatçılarının fədakar fəaliyyəti, eləcə də dövlət qurumları ilə özəl sektorun sıx əməkdaşlığının nəticəsi kimi dəyərləndirib.
İstanbul Konqres Mərkəzində keçirilən “2025-ci ilin İxrac Rəqəmlərinin Açıqlanması” proqramında çıxış edən Prezident, Ticarət Nazirliyi, Türkiyə İxracatçılar Məclisi və Xarici İqtisadi Əlaqələr Şurasına təşəkkür edib, son 23 ildə ixracatı davamlı uğur hekayəsinə çevirən iş dünyasını təbrik edib. O, həmçinin 2026-cı ilin Türkiyə və bütün insanlıq üçün xeyirli olmasını arzulayıb.
Ərdoğan vurğulayıb ki, iqtisadi hədəflər qlobal proseslərdən ayrı düşünülə bilməz. Qlobal iqtisadi qeyri-müəyyənliklər, rəqabətin güclənməsi və regional gərginliklər Türkiyəyə də təsir göstərir. Bununla yanaşı, ölkə çətin beynəlxalq şəraitə baxmayaraq, 2025-ci ildə xarici ticarətdə mühüm nailiyyətlər əldə edib.
Çıxışında Qəzzadakı vəziyyətə də toxunan Prezident Ərdoğan bildirib ki, İsrailin hücumları nəticəsində qadın və uşaqlar da daxil olmaqla 71 mindən çox fələstinli həyatını itirib, yüz minlərlə insan yaralanıb. O qeyd edib ki, Qəzzanın böyük hissəsi dağıdılıb və bölgədə son əsrin ən ağır humanitar fəlakətlərindən biri yaşanır.
TRT XƏBƏR
Reyhan Quliyeva
