2026-cı il “Ballon d’Or” mükafatına namizədlər açıqlanıb
“Bayern Münhen”in hücumçusu Harri Keyn 2026-cı il “Ballon d’Or” mükafatına namizəd göstərilən üç İngiltərə futbolçusundan biridir.
“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem və “Arsenal”ın futbolçusu Deklan Rays da Keynlə birlikdə mükafatın 30 namizəddən ibarət yekun siyahısında yer alıblar. Keyn mükafatın əsas favoritlərindən hesab olunur.
“İnter Mayami”nin hücumçusu Lionel Messi də namizədlər arasındadır. 39 yaşlı argentinalı futbolçu 2026-cı ilin iyulunda İspaniyaya qarşı keçirilən Dünya Çempionatının finalında məğlub olan Argentina millisinin heyətində 8 qol vurub. Messi daha sonra beynəlxalq karyerasını başa vurduğunu açıqlayıb. O, “Ballon d’Or”u tarixdə 9-cu dəfə qazanmağa çalışır.
Dünya çempionu olan İspaniya millisinin altı futbolçusu da siyahıya daxil edilib. Onların arasında “Barselona”dan yay transfer pəncərəsində PSJ-yə keçən Ferran Torres də var. Hücumçu Dünya Çempionatının finalında İspaniyaya qələbə qazandıran qola imza atıb.
Ardıcıl iki dəfə UEFA Çempionlar Liqasının qalibi olan PSJ-dən isə doqquz futbolçu namizəd göstərilib. Bu siyahıya ötən ilin “Ballon d’Or” qalibi Usman Dembele də daxildir. Yeni transfer Ferran Torres isə bu sayda nəzərə alınmayıb.
“Real Madrid”in hücumçuları Kilian Mbappe və Vinisius Junior, həmçinin “Arsenal”ın müdafiəçiləri Qabriel və Uilyam Saliba da 30 nəfərlik siyahıda yer alıblar.
Bu il “Ballon d’Or” mükafatının təsis edilməsinin 70 illiyi qeyd olunur. İlk dəfə 1956-cı ildə “France Football” tərəfindən təqdim edilən mükafatın 2026-cı il üzrə qalibi oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə açıqlanacaq.
Mərasimin Londonda keçirilməsi isə ilk “Ballon d’Or” qalibi, İngiltərə futbolunun əfsanəsi Ser Stenli Metyusa ehtiramın simvolik ifadəsi kimi qiymətləndirilir.
Güllər Gülhüseynova