2030-cu ilə qədər Bakıdakı universitetlər köçürüləcək?
2030-cu ilə qədər Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı məsələ gündəmdədir. Paytaxtda yerləşən ali təhsil müəssisələrinin ölkənin digər bölgələrinə köçürülməsi və regionlarda yeni universitetlərin yaradılması artıq rəsmi sənədlərdə öz əksini tapıb. Layihə hazırda müzakirə mərhələsindədir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Aytac İsmayılova bildirib ki, son dövrlərdə ölkədə təhsil sahəsində aparılan islahatlar çərçivəsində ali təhsil müəssisələrinin yerləşməsi ilə bağlı yeni yanaşmalar gündəmə gəlib:
“Xüsusilə, Bakı şəhərində yerləşən universitetlərin mərhələli şəkildə regionlara köçürülməsi və bölgələrdə yeni ali təhsil müəssisələrinin yaradılması məsələsi müzakirə olunur. Bu yanaşma regionların inkişafını dəstəkləmək, paytaxtdakı sıxlığı azaltmaq və təhsilə çıxışı daha balanslı şəkildə təşkil etmək məqsədi daşıyır.
Regionlarda universitetlərin yaradılması bir sıra üstünlüklər və imkanlar vəd edir. İlk növbədə, bu addım regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərə bilər. Tələbə axınının artması ilə yerli iqtisadiyyat canlanar, yeni iş yerləri yarana bilər. Eyni zamanda, tələbələr üçün yaşayış xərcləri nisbətən daha münasib olar və onlar ailələrinə daha yaxın mühitdə təhsil ala bilərlər. Bu isə həm maddi, həm də psixoloji baxımdan müsbət amil kimi qiymətləndirilə bilər”.
Əlavə olaraq Aytac İsmayılova bildirib ki, bununla yanaşı, müəyyən risklər də mövcuddur:
“Regionlarda infrastrukturun tam hazır olmaması, təhsil keyfiyyətində fərqlərin yaranması ehtimalı və sosial imkanların məhdudluğu bu prosesin qarşısında duran əsas çətinliklərdəndir. Xüsusilə, müəllim heyətinin keyfiyyəti və akademik mühitin formalaşdırılması bu məsələdə həlledici rol oynayır.
Bu dəyişiklik tələbələrin sosial həyatı və məşğulluq imkanlarına da təsir göstərə bilər. Bir tərəfdən, daha sakit və fokuslu təhsil mühiti formalaşa bilər. Digər tərəfdən isə, part-time iş imkanlarının məhdudluğu və karyera əlaqələrinin zəif olması müəyyən çətinliklər yarada bilər. Bu baxımdan, regionlarda da tələbələr üçün inkişaf və təcrübə imkanlarının yaradılması olduqca vacibdir.
Nəticə etibarilə, bu təşəbbüs düzgün və planlı şəkildə həyata keçirildiyi təqdirdə, ölkənin təhsil və regional inkişaf siyasətinə mühüm töhfə verə bilər. Lakin əsas diqqət yalnız fiziki köçürməyə deyil, eyni zamanda təhsilin keyfiyyətinin qorunmasına, infrastrukturun inkişafına və tələbələr üçün bərabər imkanların yaradılmasına yönəldilməlidir”.
Əlavə olaraq “İnformator.az”a açıqlamasında Tarix elmləri doktoru, Azərbaycan Turizm və Menecment Universitetinin professoru Əsədova Minəxanım da fikirlərini bizimlə bölüşüb. O bildirib ki, 2030-cu ilə qədər Bakıdakı universitetlərin regionlara köçürülməsi və ya regionlarda yeni universitetlərin yaradılması məsələsi ilə bağlı mənim fikrim belədir:
“Hazırda bəzi bölgələrdə universitetlər fəaliyyət göstərir. Buna nümunə olaraq Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti və Lənkəran Dövlət Universitetini göstərə bilərəm. Bu universitetlər kifayət qədər yüksək səviyyədə fəaliyyət göstərirlər.
Mənim təklifim ondan ibarətdir ki, həmin bölgələr üçün zəruri olan ixtisaslar bu universitetlərdə artırılsın, yeni ixtisaslar yaradılsın və ya əmək bazarının tələblərinə uyğun olaraq müəyyən ixtisaslar üzrə tələbə qəbulu genişləndirilsin. Eyni zamanda, universitet olmayan bölgələrdə yeni ali təhsil müəssisələrinin yaradılması və bununla da bölgələrdə kadr çatışmazlığının aradan qaldırılması vacibdir.
Müasir dövrdə yaradılan Xankəndi Universiteti müasir tələblərə cavab verən, texnologiya və təhsil sistemi baxımından beynəlxalq səviyyəli bir universitet nümunəsidir. Belə universitetlərin işğaldan azad olunan bölgələrdə yaradılması məqsədəuyğundur.
Bakıdakı universitetlərin regionlara köçürülməsi fikrinin isə əleyhinəyəm. Çünki paytaxtda yerləşən universitetlərin əksəriyyəti yüksək səviyyədə fəaliyyət göstərir və kadr hazırlığında mühüm rol oynayır. Buna görə də, əsas diqqət regionlarda yeni universitetlərin yaradılmasına və mövcud universitetlərdə ixtisasların artırılmasına yönəldilməlidir”.
Səadət Əlizadə