00:00:00
Yazar
Admin User
14.12.2023 12:23 2197 2 dəq oxuma
Sosial

"217 nömrəli avtobus marşrutu müsabiqəyə təqdim olunub"

"217 nömrəli avtobus marşrutu müsabiqəyə təqdim olunub"

Paytaxtın Məmmədli qəsəbəsindən Koroğlu metrostansiyasına doğru hərəkət edən 217 nömrəli avtobus 13 dekabr 2023-cü il tarixində ən az 1 saat 30 dəqiqə gecikir. Nəzərə alsaq ki, Məmmədli kəndinin sakinləri yalnız 147 və 217 nömrəli avtobuslardan istifadə imkanına malikdirlər, avtobusun bu qədər gecikməsi, başqa sözlə, heç gəlməməsi ürəkaçan hadisə olaraq qiymətləndirilmir.

 

İnformator.az olaraq 217 nömrəli avtobusun qrafikində nə kimi dəyişiklik olduğu, yaxud niyə bu intervalla hərəkət etdiyi barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik.

AYNA müraciətimizə cavab olaraq mövcud situasiyanın doğruluğunu təsdiqlədi:

"Hazırda 217 nömrəli avtobus marşrut xəttində 10 ədəd ortatutumlu avtobusla sərnişinlərə xidmət göstərir. Xətt üzrə avtobuslararası interval 10-12 dəqiqə təşkil edir. Lakin paytaxt yollarında yaranan tıxac marşrut avtobuslarının hərəkət cədvəlinin pozulmasına və intervalda artıma səbəb olur. Xüsusən günün pik saatlarında yaranan nəqliyyat sıxlığı 217 nömrəli avtobusların da ləngiməsinə gətirib çıxarır".

Qurumun açıqlamasına görə, daşıyıcı qarşısında gündəlik xəttə çıxan nəqliyyat vasitələrinin sayının sərnişin tələbatına uyğun tənzimlənməsi və hərəkət cədvəlinə ciddi riayət olunması ilə bağlı məsələ qaldırılıb:

"Fəaliyyətində nöqsanlar aşkarlandığına görə 217 nömrəli şəhərətrafı avtobus marşrutu müsabiqəyə təqdim olunub".

Qeyd edək ki, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır. Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar iştirak edir və qalib gələrək xətlərin istismarını həyata keçirirlər.

Məryəm Abdullazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər