23 Sentyabr- Beynəlxalq Jest Dilləri Günüdür
23 sentyabr dünyada Jest Dilləri Günü kimi qeyd olunur. Jest dilləri insanların ünsiyyət qurmasında və fikirlərini ifadə etməsində mühüm vasitələrdən biridir. Mövzu ilə bağlı dilçi mütəxəssis Elşad Abışov "İnformator.az"a açıqlamasında bildirib ki, jest ünsiyyətinin inkişafı cəmiyyətin və dilin inkişafı ilə bağlıdır:
"Jest ünsiyyəti insanlar arasında qədim tarixə malikdir. Dilin olmadığı dövrdə insanlar bu ünsiyyət vasitəsindən geniş istifadə edib. Bununla əlaqədar olaraq, dildə jest ünsiyyəti nəzəriyyəsi mövcuddur. Bu ünsiyyət iki mərhələdən ibarətdir, jestlər vasitəsilə ünsiyyət və mimika vasitəsilə ünsiyyət. Jest ünsiyyəti ünsiyyətin formalarından biri olmasına baxmayaraq, əsas ünsiyyət vasitəsi hesab olunmur. Bu əlavə ünsiyyət vasitəsidir. Buna görə də jest ünsiyyətinin qrammatikası və necə inkişaf etməsi ilə bağlı məsələdə yadda saxlamaq lazımdır ki, jest ünsiyyəti sözsüz ünsiyyət olduğuna görə onun nə qrammatikası, nə də qrammatik quruluşu mövcuddur".
Ekspert vurğulayıb ki, jest ünsiyyətinin inkişafı cəmiyyətin və dilin inkişafı ilə bağlıdır:
"Jest dilinin cəmiyyətdə daha geniş istifadəsi eşitmə mədəniyyətinə, insanların təhsil və sosial həyata inteqrasiyasına təsirindən danışsaq bilmək lazımdır ki, jest ünsiyyəti milyon il bundan əvvəl formalaşıb, dünən də var idi, bu gün də var və sabah da olacaq. Yəni insanlar və cəmiyyət mövcud olduqca, jestlərdən əlavə ünsiyyət vasitəsi kimi istifadə olunacaq. Jestdən istifadə dərəcəsinin insanların istər sosial həyatında, istər eşitmə mədəniyyətində, istərsə də onların ümumi dünyagörüşünün formalaşmasında və həyata baxışında hər hansı bir rolu yoxdur".
Mütəxəssis qeyd edib ki, insanların bir-birinə münasibətində və cəmiyyətin inkişafında əsas rolu dil oynayır:
"Ona görə ki, dil insanlar arasında əsas ünsiyyət vasitəsidir. Jestlərdə olduğu kimi, dilin inkişafı da cəmiyyətin inkişafına bağlıdır. Digər ünsiyyət vasitələrindən fərqli olaraq, dil nə qədər yüksək səviyyədə inkişaf edərsə, insanların sosial, iqtisadi, mədəni və siyasi həyatına bir o qədər yüksək təsir göstərmiş olur".
Səmayə Səftərova