Borcları ödənilməyən binalara istilik verilməyəcək
İstilik mövsümündə bəzi binaların istiliklə təminatında problem yarana bilər. Belə ki, mövcud borclarını ödəməyən binalara istilik verilməyəcəyi bildirilir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Azəristiliktəchizat ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, yığılan borcları müəyyən edilən qrafik əsasında, aylar üzrə hissə-hissə ödəyə bilərlər:
"Bir neçə mənzilin deyil, bütöv binada çoxsaylı mənzillərin ödəniş etməməsi həmin təsərrüfatın, yəni qazanxananın fəaliyyətini mümkünsüz edir. Çünki qaz, su və elektrik enerjisi alınmalı, istilik enerjisi istehsal olunmalıdır.
Ödənişlər kütləvi şəkildə həyata keçirilmədikdə və xidmətin göstərilməsi mümkün olmadıqda borc yaranır.
Ümumilikdə isə son illər abonentlər daha nizamlı şəkildə ödəniş edirlər. Buna görə də abonentlərə təşəkkür edirik".
Səadət Əlizadə