“28 May”dakı sıxlığın səbəbi nədir?
28 May Metro stansiyasındakı sıxlığın səbəbi nədir? Bunun qarşısını necə almaq olar?
İnformator.az-ın qonağı nəqliyyat eksperti Aslan Əsədovdur.
Ekspert bildirib ki, Metropolitenlərin mərkəzində, yaxud mərkəzə yaxın ərazilərdə avtomobil və ya şəxsi, ictimai nəqliyyatın hərəkəti daim çətinləşir, müəyyən problemlər yaranır. Bu birbaşa sıxlıqlarla əlaqəlidir.
"Konkret olaraq 28 may metro stansiyasının ətrafına nəzər yetirsək, burada yaranmış qarışıqlığı görə bilərik. Bunun səbəbi isə şəhərin həmin hissəsində yol infostrukturunun darlığı və şəhərin şərq üslubunda, qədim memarlıq xüsusiyyətlərini özündə təcəssüm etdirən dar yollar xüsusiyyətində inşa edilməsi ilə bağlıdır. Hətta o zamanlar bunlar faytonlar üçün nəzərdə tutulmuş yollar olub, tədricən, 60-80. illərdə şəhər bölünməyə başlayanda yolların eni də, en kəsiyindən keçən avtomobillərin sayı da artmağa başlayıb".
Aslan Əsədov sıxlığın səbəblərindən birinin piyada çoxluğu olduğunu qeyd edib.
"Konkret olaraq həmin ərazinin deyil, digər ərazilərin xüsusiyyətlərini nəzərə alaraq kompleks yanaşma nümayiş etdirməliyik, yəni bu ərazilərdə birbaşa marşrut xətlərinin, taksi və şəxsi avtomobillərin gediş-gəlişini həyata keçirtmək üçün piyadaların daha çox yola çıxmamasını təşkil etmək olar. Bu ərazilərdə sıxlıq piyada çoxluğuna görə yaranır".
Müsahibimiz, həmçinin məsələnin başqa həll yolları ola biləcəyini də vurğulayıb.
"Qarşıdakı "Süleyman Rəhimov", "Azadlıq" prospekti, "Füzuli" küçəsi və digər ərazilər üzrə dar kəsişmələrdə sürətli idarəetməni istər elektron işıqforlarla, istərsə də digər vasitələrlə aydınlaşdırmaq, bu istiqamətdəki məsələnin həlli üçün çalışmaq olar".
Qeyd edək ki, sıxlığın səbəblərindən biri də piyadaların işıqfor qaydalarına uymaması, qaydalara məhəl qoymaması ilə bağlıdır. Bu baxımdan da yol hərəkəti qaydalarına diqqət etmək çox vacibdir.
Aydan Qasımova
