3-CÜ QRUPDA BALLAR ARTACAQ?
Abituriyentlər artıq ixtisas seçməyə başlayıblar. Kimi seçimlərini peşəkar müəllimlərə həvalə edir, kimi bu işi bacaran yaxınlarına, kimi isə sadəcə ailə üzvlərinə.
Hər il olduğu kimi bu il də 3-cü qrupda vəziyyət çox da ürək açan deyil. Bu gün seçim edən abituriyent Nəzrin Muradova 452 bal toplayıb. 3-cü qruplarda balların artıralacağı ehtimalını nəzərə alan Nəzrin seçimini peşəkarlara həvalə edib. Deyir ki, topladığı baldan 30-40 bal aşağı yerlərə üstünlük verib. “Mənim əsas istəyim tarix müəllimliyinə qəbul olmaqdır. Bakıda ali təhsil almaq neçə illərdir mənim arzumdur. Bunun üçün çox çalışdım, hətta ikinci dəfə olan qəbul imtahanına da hazırlaşdım. Daha çox bal toplaya bilərdim, amma imtahan ərəfəsi həyəcan mənə mane oldu. İnanıram ki, tarix müəllimliyi ixtisasına qəbul olacam". Arzusunu reallaşdırmağı qarşısına məqsəd qoyan Nəzrin ilk yerə Bakı Dövlət Universitetinin tarix müəllimliyi fakültəsini yazıb. 10 bal öz balından artıq olsa da, Nəzrin sevdiyi peşəyə görə riskli addım atıb. Növbəti sıralamada isə Azərbaycan dili-ədəbiyyat, ingilis dili müəllimliyi, ibtidai sinif müəllimliyi ixtisaslarını kodlaşdırıb.
Qeyd edək ki, ixtisas seçimi avqustun 16-dan 28-nə qədər keçiriləcək. Həm valideynlər, həm də gələcəyin tələbələri daha diqqətli olmalıdır. Çünki ixtisas seçimində hər il kifayət qədər yanlışlara yol verildiyindən abituriyent qəbuldan kənarda qalır.
ÇİNARƏ MURADOVA
