00:00:00
Yazar
Zəhra Həsənova
30.06.2026 18:19 25 2 dəq oxuma
Sosial

30 iyun - Azərbaycanda Milli Sevgililər Günü qeyd olunur

30 iyun - Azərbaycanda Milli Sevgililər Günü qeyd olunur

Bu gün Azərbaycanda qeyri-rəsmi olaraq Milli Sevgililər Günü kimi qeyd olunur. Tarix 1989-cu il iyunun 30-da ailə həyatı quran İlham və Fərizənin sevgi hekayəsinə həsr edilib.

 

İlham və Fərizənin həyatı 1990-cı ilin 20 Yanvar faciəsi ilə faciəvi şəkildə yarımçıq qalıb. Həmin gecə Vətəni müdafiə etmək üçün küçəyə çıxan İlham şəhid olub. Həyat yoldaşının ölüm xəbərindən sarsılan Fərizə isə onun yoxluğu ilə barışmayaraq həyatını itirib. Beləliklə, onların sevgisi Azərbaycan tarixində sədaqət, fədakarlıq və Vətən sevgisinin rəmzinə çevrilib.

 

2003-cü ildən etibarən 30 iyun ölkədə qeyri-rəsmi şəkildə Milli Sevgililər Günü kimi qeyd olunur. Bu gün münasibətilə İlham və Fərizənin əziz xatirəsi ehtiramla anılır, onların həyat yolu gənc nəsil üçün ailə sədaqəti və mənəvi dəyərlərin nümunəsi kimi xatırlanır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Mail Yaqub bildirib ki, müasir insan, təəssüf ki, ailəni ciddi qəbul etmir və ailə institutu artıq ikinci plana keçməyə başlayıb:

 

"Avropadan başlayan bu dalğa neçə ildir ki, bizə də çatıb və nəticədə, boşanmaların sayı kəskin artıb. Bu tendensiya hamımızda təəssüf doğurmalıdır. İlham və Fərizənin sevgi və sədaqət dastanı kimi nümunəvi hekayələr, şübhəsiz ki, bugünkü gənclərimizə müsbət təsir göstərə bilər. Lakin bu cür dəyərlər mütəmadi təbliğ olunmalı, gənclər üçün xüsusi təlimlər keçirilməlidir. Təəssüf ki, hazırda bu istiqamətdə aparılan maarifləndirmə və təbliğat işləri çox zəifdir. Bu səbəbdən də cəmiyyətimizdə ailə dəyərləri tədricən zəifləyir. Halbuki ailə dəyərlərimiz milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Biz bu dəyərləri unuda və itirə bilmərik, çünki onlar cəmiyyətimizin əsas sütunlarından birini təşkil edir".


Aişə Mustafayeva

#İlham-Fərizə #Sevgililər günü #ailə dəyərləri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər