00:00:00
Yazar
Elmira Ağayeva
04.09.2026 21:27 85 2 dəq oxuma
Sosial

32 tonluq avtomobil 66 ton yüklə yolda: normadan artıq yük hansı təhlükələri yaradır?

32 tonluq avtomobil 66 ton yüklə yolda: normadan artıq yük hansı təhlükələri yaradır?

 

Yük avtomobillərinin normadan artıq yüklənməsi yalnız yol hərəkəti qaydalarının pozulması deyil. Həddindən artıq yük həm nəqliyyat vasitəsinin texniki sistemlərinə, həm də yol infrastrukturuna ciddi zərər vura, qəza riskini artıra bilər.

Baş Dövlət Yol Polisi İdarəsinin açıqladığı faktlardan birində 32 tonluq avtomobilin faktiki çəkisinin 66 ton olduğu müəyyən edilib. Beləliklə, nəqliyyat vasitəsi icazə verilən həddən iki dəfədən çox artıq yüklə yola çıxıb.

Bəs normadan artıq yük avtomobilin hərəkətinə necə təsir edir?

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Nərgiz Əlizadənin sözlərinə görə, artıq yük təkərlərə, əyləc və asqı sistemlərinə əlavə gərginlik yaradır. Bu isə texniki nasazlıq ehtimalını artırır və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola biləcək risklər yaradır.

Nəqliyyat eksperti Ərşad Hüseynov da normadan artıq yüklənmiş avtomobillərin idarə olunmasının çətinləşdiyini bildirir.

Ekspertin sözlərinə görə, xüsusilə ağırtonnajlı, o cümlədən KAMAZ markalı avtomobillər həddindən artıq yükləndikdə ön təkərlərin yol ilə təması və idarəetmə qabiliyyəti pisləşə bilər. Bu zaman sürücü sükanı döndərsə də, avtomobilin manevr imkanları zəifləyir.

Artıq yük avtomobilin əyləcləmə məsafəsinə və dayanıqlığına da təsir göstərə bilər. Nəticədə qəza ehtimalı artır.

Problemin digər tərəfi isə yol infrastrukturuna dəyən ziyandır. Normadan artıq çəkidə olan nəqliyyat vasitələrinin hərəkəti asfalt örtüyünə əlavə təzyiq yaradır. Bu isə yol örtüyünün deformasiyasını və daha sürətli sıradan çıxmasını şərtləndirə bilər.

Nazirlər Kabinetinin 104 nömrəli qərarında ümumi istifadədə olan avtomobil yollarında nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə hədləri müəyyənləşdirilib. Bu hədlərə əməl olunması həm yol təhlükəsizliyi, həm də infrastrukturun qorunması baxımından vacibdir.

Mütəxəssislər bildirirlər ki, yükün normadan artıq olması yalnız sürücünün deyil, yük göndərən və daşınmanı təşkil edən şəxslərin də məsuliyyət məsələsidir. Hüquqi və fiziki şəxslər, eləcə də sürücülər nəqliyyat vasitəsinin müəyyən edilmiş çəki normalarını aşmamasına diqqət yetirməlidirlər.

Çünki bir neçə ton artıq yük ilk baxışda cüzi fərq kimi görünsə də, yolda onun nəticəsi daha ağır ola bilər: avtomobilin idarəetməsi çətinləşir, texniki sistemlərə düşən yük artır, yol örtüyü zədələnir və qəza riski yüksəlir.

Elmira Ağayeva, Elxan Axundov, Aztv Xəbər

#təhlükələri #avtomobil #yük #hansı #artıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər