6 fevral
6 fevral təkcə təqvimdə bir tarix deyil. Bu gün Azərbaycan ziyalılığının, maarifçiliyinin və qadın fədakarlığının simvollarından biri olan Həmidə xanım Cavanşir Məmmədquluzadənin anım günüdür. O, səs-küylə yox, əməli ilə danışan, adını tarixə səssiz, amma dərin izlə yazdıran qadın idi.
Həmidə xanım zadəgan bir ailədən çıxsa da, rahat həyatı seçməyib. O, cəmiyyətin ağrıyan yerlərinə toxunub-savadsızlığa, yoxsulluğa, qadınların səssizliyinə. Kənd məktəbləri açıb, qız uşaqlarının təhsil alması üçün mübarizə aparıb, müəllimlərin maaşını öz cibindən verib. Maarif onun üçün şüar deyil, həyat tərzi idi. Mirzə Cəlil Məmmədquluzadənin həyat yoldaşı olmaq onun kölgəsində qalmaq demək olmayıb. Əksinə, Həmidə xanım “Molla Nəsrəddin” ruhunun görünməyən, amma dayaqlı sütunlarından biri olub. O, təkcə böyük bir ədibin həyat yoldaşı yox, ideya yoldaşı idi-sözü əmələ çevirən qadın. Zamanın bütün çətinliklərinə baxmayaraq, Həmidə xanım cəmiyyət üçün yaşayıb, şəxsi rahatlığını ictimai faydaya qurban verib. Bu gün bəlkə də çox danışılan “sosial məsuliyyət”, “vətəndaş mövqeyi” anlayışları onun həyatında səssizcə, təmtəraqsız yaşanıb.
Banuçiçək Məmmədova
