8 avqust-Beynəlxalq Oftalmoloqlar Günüdür
2004-cü ildən başlayaraq 8 avqust tarixi Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur. Bu günün seçilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış rus oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.
Oftalmoloq Qurban İsmayılov informator.az saytı ilə öz fikirlərini bölüşüb.
"İlk olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün Azərbaycan oftalmologiyasının səviyyəsi dünya oftalmologiyasının səviyyəsi ilə eynidir. Azərbaycan oftalmoloqları dünyada təşkil olunan bütün oftalmoloji konqreslərdə iştirak edir, elmi məruzələr ilə çıxış edir, yeniliklərlə tanış olur və onu respublikamızda tətbiq edirlər. Dünyada bütün xəstəliklər, demək olar ki, eyni faizlə tərənnüm edir. (Qlaukma xəstəliyi, şəkərli diabet, kataratkalar, çəpliklər, refraktiv qüsurlar və.s) Son dövrlər müasir Azərbaycanın inkişafı ilə əlaqədər olaraq Azərbaycan oftalmologiyasında dünyada tətbiq olunan ən müasir diaqnostika avadanlıqları və cərrahi əməliyyat zamanı icra olunan ən müasir texnoloji qaydada hazırlanmış materiallardan istifadə olunur. Son zamanlar respublikamızda göz xəstəliklərini vaxtında aşkar edən tibbi avadanlıqlar fəaliyyət göstərir və onları işlədə biləcək müasir oftalmoloqlarımız var. Adətən fəsil dəyişən ərəfədə gözdə müəyyən allergik reaksiyalar başlayır. Fəsillə əlaqədar olaraq isti ölkələrdə, xüsusən, Azərbaycanda allergik xəstəliklər və quru göz sindromu daha çox artır. Xəstəliyin əsas əlamətləri gözdə quruluq, batma, yaşarma, diskomfortun olmasıdır. İnsanlar barmaqları ilə gözlərini qaşıyır. Bu zaman gözə ikincili infeksiyalar yoluxur. Xəstələrə tövsiyəm budur ki, allergik katarkt və quru göz sindromu zamanı həkimə müraciət etməli, çoxlu bol maye içməli və gözə suni göz yaşları tökməlidirlər. Bu gün insanlar vaxtlarının çoxunu kompüter, telefon qarşısında keçirirlər. Bir oftalmoloq kimi tövsiyəm budur ki, 1 saat telefon, komputerlə işlədikdən sonra gözalması uzağa baxmalıdır və bu insanların işi əgər mütəmadi olaraq telefon, komputerlə bağlıdırsa, gündə 2-3 dəfə suni göz yaşlarından istifadə etməlidirlər".
Sayad Qoşnalıyeva
