“Abituriyent 4” jurnalı çıxmadan ixtisas seçimi etməyin! Ekspertdən açıqlama
"İxtisas seçimi qəbul imtahanlarında kifayət qədər ciddi rola malikdir. Çünki bəzi illərdə yüksək bal toplayanlar məhz doğru ixtisas seçimi etmədiklərinə görə tələbə adını qazanmaqdan məhrum olublar”. Bunu İnformator.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Müsahibimiz qeyd edir ki, ixtisas seçimi zamanı abituriyentlər çox diqqətli olmalıdırlar: “İxtisas seçimi üçün müəyyənləşdirilən zaman kifayət qədər gecdir. Bu vaxtı abituriyentlərin işini az da olsa, yüngüllüşdirmək üçün önə də çəkmək olardı. Son zamanlara nəzər salsaq, abituriyentlərimizin ən ciddi səhvinin, ixtisas seçimini yalnız “Abituriyent 2” jurnalı vasitəsilə gerçəkləşdirməsinin şahidi oluruq”.
Kamran Əsədov deyir ki, seçimlə bağlı günümüzdə xeyli saxta elanlar paylaşılır ki, bu da müsbət hal deyil. Ekspert abituriyentlərə müraciə edir: “Mən birmənalı olaraq deyirəm ki, yalnız “Abituriyent 2” jurnalı vasitəsilə seçim edən, 500-600 aralığında bal toplayan abituriyentlərimiz tələbə adını qazana bilmir. Gənclərimiz mütləq şəkildə “Abituriyent 4” jurnalının çıxmasını gözləməlidir. Daha sonra isə 2023-cü ilin “Abituriyent 4” jurnalı ilə 2022-ci ilin jurnalı arasındakı fərqə nəzərə salmalı, baxmalıyıq ki, plan yerlərinin sayında artım, yaxud azalma varmı?”.
Növbəti addım isə Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi ixtisas qrupları üzrə abituriyentlərin topladığı bal cədvəlini gözləməkdir. Abituriyentlərin topladığı bal statistikasına nəzər yetirdikdən sonra, 2022-ci ildə keçid balını toplayan abituriyentlərin sayını bilmək lazımdır: “Bir daha vurğulayıram ki, 2022-ci ilin statistikası ilə 2023-cü ili müqayisə etmədən, “Abituriyent 2” jurnalından istifadə doğru deyil. Ötən illərə nəzər salsaq görərik ki, elə abituriyent var ki, 500-600-dən belə yüksək nəticə göstərib. Lakin tələbə adını qazana bilməyib. Bunların səbəbkarı isə “Abituriyent 2” jurnalını əlinə alıb, yanlış yol göstərən, ixtisas seçimi tövsiyə edənlərdir. Onlar bu yolla abituriyentlərin Ali təhsil müəssisələrinə qəbul olma şansını əlindən alır”.
Həcər Əmiraslanlı
