Abituriyentlər üçün ödənişsiz məsləhət mərkəzləri fəaliyyət göstərir
Abituriyentlər ixtisas seçimi ilə bağlı ödənişsiz məsləhət almaq üçün bir sıra ali təhsil müəssisələrində və Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində fəaliyyət göstərən abituriyent məsləhət mərkəzlərinə müraciət edə bilərlər.
Mövzu ilə bağlı təhsil eksperti Afərim Seyidova “İnformator.az”a açıqlamasında bildirib ki, abituriyent məsləhət mərkəzlərinin yaradılmasında əsas məqsəd abituriyentləri və valideynləri maarifləndirmək, ixtisas seçimi prosesində onları düzgün istiqamətləndirməkdir:
“İxtisas seçimi zamanı abituriyentlərin bir sıra sualları yaranır. Məsələn, blok imtahanında hansı meyarların əsas götürüldüyü, müəyyən güzəşt və ya məhdudiyyət statusuna malik şəxslərin özəl universitetlərdə ödənişsiz təhsil imkanlarının olub-olmaması kimi məsələlər onları maraqlandırır. Bu kimi suallara cavab tapmaq üçün abituriyentlər məsləhət mərkəzlərinə müraciət edə bilərlər. Məsləhət mərkəzləri həmçinin abituriyentlərin psixoloji rahatlığı baxımından da əhəmiyyətlidir. Hazırda bir çox abituriyent imtahan və ixtisas seçimi ilə bağlı ciddi stress yaşayır. Mütəxəssislərin verdiyi məsləhətlər onların narahatlığını azaltmağa, daha düzgün və əsaslandırılmış qərar vermələrinə kömək edir. Bəzən abituriyent iki ixtisas arasında seçim etməkdə çətinlik çəkir və ya qəbul ola bilməyəcəyini düşünür. Bu zaman məsləhət mərkəzlərində ona plan yerləri, ixtisasların ardıcıllığının düzgün müəyyənləşdirilməsi və daha optimal seçim strategiyası barədə məlumat verilir”.
Təhsil eksperti həmçinin bunu da qeyd edib ki, ixtisas kodlarının və elektron ərizələrin düzgün daxil edilməsi də mühüm məsələdir:
“Bəzi abituriyentlər və valideynlər ixtisas qrupları və kodları ilə bağlı sistem haqqında kifayət qədər məlumatlı olmaya bilərlər. Müxtəlif ixtisasların düzgün seçilməsi, onların hansı ardıcıllıqla yazılması, keçid balları və statistikanın müqayisə edilməsi baxımından məsləhət mərkəzləri mühüm rol oynayır. Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan materiallarda bu məsələlərlə bağlı məlumatlar təqdim olunur. Lakin bəzi abituriyentlər müəyyən səbəblərdən həmin nəşrləri əldə edə və ya məlumatları tam başa düşə bilmirlər. Bu baxımdan onların daha düzgün istiqamətləndirilməsi və mütəxəssis izahına ehtiyac yaranır. Bu səbəbdən məsləhət mərkəzlərinin yalnız müəyyən yerlərdə deyil, bütün regionlarda daha geniş şəkildə yaradılması məqsədəuyğun olardı. Həmçinin məktəblərdə, kurslarda və özəl təhsil müəssisələrində maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi abituriyentlərin və valideynlərin ixtisas seçimi ilə bağlı məlumatlılığının artırılmasına xidmət edə bilər”.
Güllər Gülhüseynova