Abituriyentlər üçün vacib qərar: Kollec seçimində əsas meyarlar
Kolleclərə ixtisas seçimi zamanı abituriyentlər yalnız topladıqları bala deyil, maraq və gələcək hədəflərinə də diqqət etməlidirlər. Təhsil eksperti Əmrah Həsənli bu barədə “İnformator.az”a açıqlamasında ixtisas seçimində nəzərə alınmalı vacib məqamlardan danışıb.
Ekspert bildirib ki, abituriyent yalnız “Balım hara çatır?” prinsipi ilə hərəkət etməməlidir. Onun sözlərinə görə, əsas məsələ seçilən ixtisasın abituriyentin maraq və bacarıqlarına uyğunluğu, gələcəkdə həmin sahə üzrə işləmək imkanları və əmək bazarındakı perspektivləridir.
“Təkcə keçid balına görə seçilən ixtisas sonradan peşmanlıq yarada bilər. Abituriyent özünə "Mən bu ixtisası bitirdikdən sonra hansı istiqamətdə davam etmək istəyirəm?" sualını verməlidir”.
Təhsil eksperti vurğulayıb ki, ötən illərin keçid balları seçim üçün mühüm göstərici olsa da, bunu zəmanət kimi qəbul etmək olmaz. Onun sözlərinə görə, keçid balları hər il plan yerlərinin sayı, abituriyentlərin nəticələri və ixtisasa olan tələbdən asılı olaraq dəyişir. Buna görə də ötən ilin keçid balı yalnız istiqamətverici məlumat kimi nəzərə alınmalı, bu il plan yerlərində və qəbul şərtlərində baş verən dəyişikliklər də mütləq diqqətdə saxlanılmalıdır.
Əmrah Həsənli bildirib ki, ixtisasların sıralanması zamanı edilən ən böyük səhvlərdən biri seçimləri yalnız yüksək keçid ballı ixtisaslardan formalaşdırmaqdır. Digər tərəfdən, bütün seçimləri həddindən artıq risksiz variantlardan ibarət etmək də düzgün yanaşma deyil.
“Abituriyent istədiyi ixtisasları ön sıraya yazmalı, eyni zamanda real balına uyğun və alternativ seçimlər də yaratmalıdır. "Keçid balı yüksəkdirsə, deməli daha yaxşı ixtisasdır" yanaşması yanlışdır. Yüksək keçid balı ixtisasın konkret abituriyent üçün uyğunluğunu müəyyən etmir”.
Sonda təhsil eksperti qeyd edib ki, valideynlərin tövsiyəsi əhəmiyyətli olsa da, son qərar verilərkən abituriyentin maraqları və gələcək planları əsas götürülməlidir. Onun sözlərinə görə, ixtisas seçimi son anda deyil, əvvəlcədən araşdırma aparılaraq edilməli, düzgün seçim üçün bal, maraq, perspektiv və real qəbul şansları birlikdə qiymətləndirilməlidir.
Süsən Mərdalıqızı