ABŞ aralıq seçki ərəfəsində İranın adasına zərbələr endirib
ABŞ rəsmiləri BBC-nin ABŞ-dakı tərəfdaşı CBS-ə bildiriblər ki, ABŞ Hörmüz boğazında yerləşən İranın Qeşm adasına zərbələr endirib.
İranın dövlət xəbər agentliyi İRNA bazar ertəsi adada bir neçə partlayışın baş verdiyini bildirib.
ABŞ rəsmiləri zərbələrin məhdud xarakter daşıdığını və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ təyyarəsinə atəş açmasına cavab olaraq həyata keçirildiyini bildiriblər. BBC şərh almaq üçün Yaxın Şərqdəki hərbi əməliyyatlara cavabdeh olan ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) müraciət edib.
Hadisə ABŞ-da keçiriləcək aralıq seçkilər ərəfəsində baş verib. Seçkilərin nəticələri Konqresə respublikaçıların, yoxsa demokratların nəzarət edəcəyini müəyyənləşdirəcək.
Donald Tramp sorğularda reytinqinin aşağı düşməsi və Respublikaçılar Partiyasının daxilindən müharibəni dayandırmaq üçün artan təzyiqlərlə üzləşir. Müharibə fevral ayında ABŞ və İsrailin İrana hücumları ilə başlayıb.
Tramp bazar ertəsi jurnalistlərə açıqlamasında İrana qarşı zərbələri genişləndirmək üçün tələsmədiyini bildirib.
O, Axios xəbər portalına deyib: “Bu və ya digər şəkildə nəsə edəcəyik, amma tələsmirik. Onları maliyyə baxımından iflic etmişik. Onların nə pulları, nə də benzinləri var və əhaliləri artıq bu vəziyyətdən çox yorulub”.
Tramp seçkilər ərəfəsində Fox News telekanalına müsahibəsində İranın nüvə proqramı ilə əlaqəli yeraltı obyekt olan “Pickaxe Mountain”a zərbə endirməyin lazım gələ biləcəyini də bildirib.
Onun sözlərinə görə, bu, “böyük məsələ deyil” və əməliyyat “bir saat ərzində” həyata keçirilə bilər.
Son bir neçə gündə ABŞ-ın aralıq seçkilərdən sonra İrana qarşı genişmiqyaslı hücumları yenidən başlada biləcəyi ilə bağlı ehtimallar artıb. Lakin bazar ertəsi jurnalistlərdən biri bunun belə olub-olmadığını soruşduqda Tramp “xeyr” cavabını verib.
İranın xarici işlər naziri Abbas Əraqçi İRNA-ya bildirib ki, müharibəyə son qoymaq məqsədilə ABŞ ilə vasitəçilər üzərindən “çox intensiv” danışıqlar aparılır.
O, həmçinin İranın diplomatik və hərbi ssenarilərin hər ikisinə əvvəlkindən daha hazırlıqlı olduğunu vurğulayıb. Əraqçinin sözlərinə görə, “ağıllı yol” olan danışıqları seçmək, yoxsa hərbi təcavüz səhvinə yol vermək ABŞ-dan asılıdır.
Nuray Dadaşzadə