“ABŞ–Azərbaycan iqtisadi dialoqu regional əməkdaşlığa yeni imkanlar yaradır”-ŞƏRH
“ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur”.
Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini və ABŞ-dən Strateji İşçi Qrupun həmsədri Sonata Koulter Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqunun yekunlarına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.
Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə keçməsi iki ölkə arasında münasibətlərin yalnız enerji sektoru ilə məhdudlaşmadığını, daha geniş iqtisadi və geostrateji sahələri əhatə etdiyini göstərir:

“Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqunun keçirilməsi də əməkdaşlığın institusional əsaslarının gücləndirilməsi baxımından mühüm addımdır. Enerji təhlükəsizliyi sahəsində perspektivlərə gəldikdə, Azərbaycan artıq uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi çıxış edir. ABŞ də Azərbaycanın həyata keçirdiyi enerji layihələrini daim dəstəkləyib. Gələcək mərhələdə əməkdaşlıq təkcə neft və qaz ixracı ilə məhdudlaşmayacaq, enerji infrastrukturunun modernləşdirilməsi, enerji səmərəliliyi və regional enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətlərində də inkişaf edəcək. Xüsusilə, Avropada enerji mənbələrinin diversifikasiyası fonunda Azərbaycanın strateji əhəmiyyəti daha da artır. Yaşıl enerji və bərpaolunan enerji layihələri isə münasibətlərin yeni sütununa çevrilə bilər. Azərbaycan Xəzər dənizinin böyük külək enerjisi potensialına malik ölkələrdən biridir. ABŞ şirkətlərinin texnologiya, maliyyə və innovasiya imkanları ilə Azərbaycanın resurs potensialının birləşməsi yaşıl enerji layihələrinin sürətlə inkişafına şərait yarada bilər. Bu əməkdaşlıq ölkəyə xarici investisiyaların cəlb edilməsini sürətləndirəcək, eyni zamanda Azərbaycanın enerji ixracatçısından yaşıl enerji ixracatçısına transformasiyasını dəstəkləyəcək”.
Ekspert qeyd edib ki, Orta Dəhliz və logistika layihələrinin rolu isə xüsusi əhəmiyyət daşıyır:
“Hazırda qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan Şərqlə Qərb arasında mühüm tranzit mərkəzinə çevrilir. Orta Dəhliz vasitəsilə Çin, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında yükdaşımaların artması ABŞ şirkətləri üçün də yeni imkanlar yaradır. Bu marşrut təkcə nəqliyyat layihəsi deyil, həm də regional iqtisadi inteqrasiyanın, təchizat zəncirlərinin təhlükəsizliyinin və ticarət dövriyyəsinin genişlənməsinin vacib elementidir.
Nəticə etibarilə, Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının yeni mərhələsi enerji, yaşıl iqtisadiyyat, logistika və rəqəmsal transformasiya kimi istiqamətlərdə daha dərin tərəfdaşlığın formalaşacağını göstərir. Bu isə həm Azərbaycanın regional iqtisadi rolunu gücləndirəcək, həm də ABŞ üçün Cənubi Qafqazda etibarlı iqtisadi tərəfdaşlıq platforması yaradacaq”.
Nuray Əliyeva