Finlandiya Prezidenti Putinlə danışdıqdan sonra Avropanı günahlandırıb - ŞƏRH
Avropa Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması ilə bağlı danışıqlarda daha fəal rol oynamalıdır. Finlandiya Prezidenti Aleksander Stubb hesab edir ki, Avropa Moskva ilə münasibətlərin tənzimlənməsini uzun müddət ABŞ-yə həvalə etməklə məsuliyyətsiz davranıb. O, Avropa liderlərini Putinlə birbaşa dialoqa başlamağa və mümkün razılaşmalarla bağlı daha realist mövqe tutmağa çağırıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Avropa ilə Rusiyanın Ukrayna müharibəsinə dair ziddiyyətli mövqeləri birbaşa danışıqların nəticə verməsini çətinləşdirir.
“Avropa liderlərinin hazırda Putinlə birbaşa danışıqlar aparmasının müharibənin dayandırılması baxımından hər hansı nəticə verəcəyini düşünmürəm. Çünki tərəflərin mövqeləri bir-birindən kifayət qədər ciddi şəkildə fərqlənir. Avropa Rusiyanı Ukraynada dayandırmağa və müharibəni sona çatdırmağa çalışır. Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasını isə özünün əsas qırmızı xətlərindən biri hesab edir. Putin isə Ukraynanı Rusiyanın nəzarəti altına almaq və işğal etdiyi ərazilərin legitimləşdirilməsi şərti ilə müharibəni dayandırmağa çalışır”.
Ekspert qeyd edir ki, Avropa liderlərinin Putinlə danışıqlara cəhd göstərməsini Rusiya onların zəifliyi kimi qəbul edə bilər. Nəzərə almaq lazımdır ki, Rusiya tərəfi uzun müddətdir Avropa ilə danışıqlarda maraqlı deyil və Avropanı bu proseslərdən kənarda saxlamağa çalışır. Tərəflər arasında münasibətlər də kifayət qədər gərgindir.
Oqtay Qasımovun sözlərinə görə, belə danışıqların baş tutması ehtimalı olduqca aşağıdır. Hətta danışıqlar reallaşsa belə, hər hansı razılaşmanın əldə olunması çox çətin görünür. Çünki Avropa Ukraynanın təhlükəsizliyini eyni zamanda öz təhlükəsizliyi ilə əlaqələndirir və bu məsələyə kifayət qədər ciddi yanaşır.
Siyasi şərhçi hesab edir ki, razılaşmanın əldə olunmasına mane olan əsas amillərdən biri Rusiyanın maksimalist mövqeyidir. Putin bu mövqeyi bir neçə gün əvvəl də növbəti dəfə ifadə edib. Xüsusilə NATO, Şərqi Avropa və postsovet məkanı ilə bağlı məsələlərdə Rusiyanın irəli sürdüyü tələblər bunu açıq şəkildə göstərir. Rusiya faktiki olaraq keçmiş Sovet və Rusiya imperiyalarının təsir dairəsində olmuş ərazilərdə, o cümlədən Şərqi Avropada, Orta Asiyada və Cənubi Qafqazda yenidən öz təsir zonalarını formalaşdırmağa çalışır. Bu isə Avropanın təhlükəsizliyi üçün kifayət qədər ciddi təhdid yaradır. Bütün bunları nəzərə aldıqda, hazırkı mərhələdə Avropa ilə Rusiya arasında birbaşa danışıqların nəticəsində ortaq razılaşmanın əldə olunması ehtimalı olduqca aşağıdır.
Arzum Ağazadə