ABŞ-dən İraqdakı vətəndaşlarına çağırış
ABŞ-nin Bağdad səfirliyi İraqdakı Amerika vətəndaşlarına mümkün olan ən qısa müddətdə ölkəni tərk etmələri ilə bağlı çağırış edib.
ABŞ-nin Bağdad səfirliyindən yayımlanan təhlükəsizlik xəbərdarlığında, İraqdakı Amerika vətəndaşlarına ölkəni mümkün olan ən qısa müddətdə tərk etmələri tövsiyə edilib.
Açıqlamada, ABŞ hökumətinin Orta Şərqdən amerikalıların təxliyəsi üçün bütün variantları qiymətləndirdiyi bildirilib.
Hazırda İraqdan ticarət uçuşlarının həyata keçirilmədiyi, Ürdün, Küveyt, Səudiyyə Ərəbistanı və Türkiyəyə isə quru yolu ilə çıxışın mümkün olduğu qeyd olunub. Çoxsaylı sərhəd keçidlərinin açıq olduğu, lakin bu keçidlərin xəbərdarlıq edilmədən bağlana biləcəyi barədə xəbərdarlıq verilib.
ABŞ vətəndaşlarına təhlükəsiz hesab etdikləri halda ölkədən quru yolu ilə çıxmağı ciddi şəkildə nəzərdən keçirmələri tövsiyə olunub.
Xəbərdarlıqda həmçinin, İraqda qalmaq istəyən amerikalıların uzun müddət təhlükəsiz yerdə qalmağa hazır olmaları və qida, su, dərman kimi əsas ehtiyaclarını ehtiyatda saxlamaları vacib olduğu bildirilib.
Açıqlamada, İraq hava məkanında raket, pilotsuz uçuş aparatları (PUA) və minaatan hücumları riskinin davam etdiyi, İran və ona bağlı silahlı qrupların ABŞ vətəndaşları və maraqları üçün ciddi təhdid yaratmağa davam etdiyi vurğulanıb.
İraq rəsmilərinin Bağdadın Yaşıl Bölgəsini böyük ölçüdə bağladığı, mövcud təhlükəsizlik tədbirləri səbəbindən ABŞ vətəndaşlarının Bağdadakı ABŞ səfirliyinə və ya Erbildəki baş konsulluğa getməmələri tövsiyə olunub.
TRT XƏBƏR
Lalə Qurbanlı
