00:00:00
Yazar
Lalə Qafarova
29.09.2026 22:27 26 2 dəq oxuma
Dünya

Mübahisəli adalarda böyük neft layihəsi: London geri çəkilmir 

Mübahisəli adalarda böyük neft layihəsi: London geri çəkilmir

Argentina iddia etdiyi adalar ətrafında Böyük Britaniyanın başlamaq istədiyi iri neft layihəsini qanunsuz adlandırıb və Londona fəaliyyəti dayandırmaq üçün iki həftə vaxt verib. London isə adaların öz təbii sərvətlərindən istifadə etmək hüququnun olduğunu bildirərək geri çəkilməyəcəyini bəyan edib.

 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a bildirib ki, ziddiyyətin mərkəzində təkcə neft amili dayanmır:

 

““Sea Lion” layihəsi Malvin adalarının suverenliyi uğrunda Argentina-Britaniya mübahisəsinin iqtisadi müstəviyə keçməsidir. Layihəni Britaniyanın “Rockhopper Exploration” və İsrailin “Navitas Petroleum” şirkətləri Şimali Falkland hövzəsində icra edir. Böyük neft ehtiyatlarına malik layihə üzrə hasilatın növbəti illərdə başlaması planlaşdırılır”.

 

Ekspertin sözlərinə görə, Argentina layihədə iştirak edən şirkətlərə qarşı sanksiyalar tətbiq edə və cinayət işi aça bilər. Bütövlükdə Rəsmi Buenos-Ayres artıq bu istiqamətdə müəyyən hüquqi və inzibati addımlar atıb:

 

“Buna baxmayaraq, Argentina öz qanunlarını Britaniyanın nəzarətində olan ərazilərdə avtomatik tətbiq edə bilməz. Argentina məhkəməsinin qərarının Böyük Britaniyada və ya adalarda icrası ayrıca hüquqi prosedur tələb edir. London da məhz bu arqumentə söykənərək Argentinanın Falkland adalarında fəaliyyət göstərən şirkətlər üzərindəki yurisdiksiyasını tanımır. Dolayısı ilə Britaniyanın cavabı hərbi deyil, diplomatik, hüquqi və siyasi müstəvidə olacaq”.

 

London artıq Falkland adalarının öz müqəddəratını təyinetmə prinsipini və resurslarını inkişaf etdirmək hüququnu dəstəklədiyini bəyan edib. Britaniya hökuməti Argentinanın tələblərini qəbuledilməz sayır və ərazidəki şirkətləri müdafiə edəcəyini bildirir.

 

R. Bayramov əlavə edib ki, tərəflər arasında hüquqi mübarizə beynəlxalq tribunallar səviyyəsinə qədər yüksələ bilər. Layihə Argentina üçün “status-kvonun pozulması”, Britaniya üçün isə adaların iqtisadi özünüidarə hüququnun icrası kimi qiymətləndirildiyindən, yaxın gələcəkdə tərəflərin kompromisə gəlməsi deyil, diplomatik və hüquqi qarşıdurmanın daha da dərinləşməsi gözlənilir.

 

 

Aysun Xəlilova

#azərbaycan #baki #xəbər #böyük
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər