ABŞ-dən sərt mesaj: “İranla razılaşmaya tələsmirik”
ABŞ rəhbərliyindən İranla bağlı verilən son açıqlama regionda gərginliyin hələ də yüksək səviyyədə qaldığını göstərir. Donald Tramp vasitəsilə səsləndirilən fikirlərdə qeyd olunur ki, Vaşinqton Tehranla razılaşma imzalamaqda maraqlı deyil və hərbi əməliyyatlar başa çatmadan əvvəl hədəf alınacaq çox sayda obyekt mövcuddur. Bu yanaşma diplomatik həll imkanlarının arxa plana keçdiyini və qarşıdurmanın daha da dərinləşə biləcəyini göstərir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ülviyyə Zülfüqar bildirib ki, gərginlik yüksək səviyyədə qalır və bu, sadəcə ritorika deyil, real hərbi-siyasi proseslərlə müşayiət olunur. Trampın bəyanatları fonunda ABŞ-nin İran obyektlərinə zərbələri və yeni zərbələrin mümkünlüyü də müzakirə olunur:
“Eyni zamanda, diplomatik kanallar da tam bağlanmayıb. 15 maddəlik planı təqdim edilib, lakin qəbul edilməyib. Bu kontekstdə ümumi vəziyyət hərbi eskalasiyanı azaltmaqdan çox, onu “idarə olunan” səviyyədə saxlamağa yönəlib. Yəni həm danışıqlar üçün təzyiq aləti kimi hərbi gücdən istifadə edilir, həm də razılaşmanın müzakirə edilməsinə cəhdlər olunur. Bu isə regionda riskləri artırır.Belə şəraitdə lokal toqquşmaların daha geniş regional qarşıdurmaya çevrilmə ehtimalı yüksək olaraq qalır. Hazırda iki xətt müşahidə edilir: bir tərəfdən sərt ritorika, digər tərəfdən isə diplomatiya qapısını tam bağlamamaq. Bu, klassik müqavimət + manevr strategiyasıdır. Hazırkı mərhələdə tərəflər hələ kompromis nöqtəsindən uzaq görünür”.
Banuçiçək Məmmədova