00:00:00
Yazar
Admin User
05.02.2026 17:38 44 2 dəq oxuma
Dünya

ABŞ-dən Rusiyaya qarşı yeni sanksiyalar paketi

ABŞ-dən Rusiyaya qarşı yeni sanksiyalar paketi

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb, lakin hələlik onu tətbiq etməyib. “Blumberq”in məlumatına görə, Vaşinqton Rusiyanın enerji sektorunu, o cümlədən “kölgə donanması”nı hədəf almağı nəzərdən keçirir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, ABŞ-nin Rusiyanın enerji sektoruna sanksiyalar tətbiq etməsi bir sıra amillərlə bağlıdır və bu, Vaşinqtonun qlobal enerji siyasətinin tərkib hissəsidir:

 

"Amerika Birləşmiş Ştatları hazırda apardığı siyasətlə dünya üzrə enerji resurslarına ciddi nəzarət mexanizmləri qurmaq niyyətindədir. Bunun ardınca İranla bağlı prosesləri də müşahidə edirik. Çünki gələcəkdə qlobal liderlik həm də enerji resurslarına nəzarətdən keçir. Bu baxımdan ABŞ-nin tətbiq etdiyi sanksiyalar uzaq perspektivə hesablanmış geosiyasi gediş kimi qiymətləndirilməlidir.

Kölgə donanmasına qarşı sanksiyaların tətbiqi isə artıq bir müddətdir davam edir. Bu donanmaya aid gəmilərin saxlanılması və həbs olunması Rusiyanın neft ixracına ciddi təsir göstərən amillərdən biridir. Rusiya sanksiyalardan yayınaraq müxtəlif ölkələrə neft satışını əsasən kölgə donanması vasitəsilə həyata keçirirdi ki, burada söhbət olduqca böyük həcm və məbləğlərdən gedir. Bu sanksiyaların tətbiqi, əlbəttə ki, Rusiyanın mövqelərini zəiflətməklə yanaşı, onun Ukrayna müharibəsi çərçivəsində mümkün sülh danışıqlarında daha güzəştli mövqe tutmasına da təsir göstərə bilər. Hesab edirəm ki, bu sanksiyalar bir neçə məqsəd daşıyır: ilk növbədə ABŞ-nin qlobal enerji resurslarına nəzarət imkanlarını artırmaq, Rusiyanın geosiyasi mövqelərini zəiflətmək, gələcəkdə Çinə qarşı əlini gücləndirmək və nəhayət, Ukrayna müharibəsində Rusiyanı güzəştli şərtlərə məcbur etmək".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər