00:00:00
Yazar
Elmira Ağayeva
11.08.2026 21:11 20 3 dəq oxuma
Maraqlı

ABŞ fizikinin Naqasakiyə atom bombası atılması ilə bağlı xatirələri

ABŞ fizikinin Naqasakiyə atom bombası atılması ilə bağlı xatirələri

 

9 avqust 1945-ci ildə Yaponiyanın Naqasaki şəhərinə plutonium bombası atıldı və bu hadisə İkinci Dünya müharibəsinin başa çatmasına gətirib çıxardı. Hadisədən 30 il sonra BBC-yə müsahibə verən və bombanın hazırlanmasında iştirak edən ABŞ fiziki partlayışın niyə dayandırıla bilmədiyini və daha sonra hazırlanmış planları açıqlayıb:

Bu, bəşəriyyətə qayğı göstərmədiyimiz üçün deyildi – əksinə, bəşəriyyətə qayğı göstərdiyimiz üçün belə idi. Bəlkə də günahımız bundan ibarət idi”.

Naqasakinin atom bombası ilə bombalanmasında iştirakından 30 il sonra ABŞ fiziki Filip Morrison BBC-yə verdiyi müsahibədə nüvə partlayışından əvvəlki günlər və həftələrdə qəbul edilən qərarlardan açıq danışıb.

Morrison ilk nüvə silahlarının hazırlanması üçün yaradılmış, müttəfiqlərin məxfi proqramı olan “Manhetten Layihəsi”ndə mühüm rol oynayıb. O, Los-Alamos laboratoriyasında çalışıb. Laboratoriyaya onun keçmiş müəllimi Robert Oppenheymer rəhbərlik edirdi.

Morrison 16 iyul 1945-ci ildə ilk atom bombasının sınağı olan “Triniti” testində iştirak edib. O, bombanın plutonium nüvəsini avtomobillə Nyu-Meksikoya apararkən qucağında daşıyıb.

Daha sonra Saipanın cənubunda yerləşən kiçik Tinian adasına gedərək Naqasakiyə atılan “Fat Man” adlı plutonium bombasının yığılmasına kömək edib. O, bombanın 9 avqustda, Hiroşimanın bombalanmasından cəmi üç gün sonra B-29 təyyarəsinə yerləşdirilməsinə nəzarət edib.

Morrisonun sözlərinə görə, ABŞ qüvvələri Tinian adasında “dünyanın ən böyük hava limanı” adlandırdığı obyekti inşa etmişdi.

O, 1945-ci ilin dekabrında ABŞ Senatının komitəsinə verdiyi ifadəsində bildirib ki, böyük bir mərcan silsiləsi hamarlanaraq altı uçuş-enmə zolağının tikintisi üçün istifadə olunmuşdu və onların hər biri təxminən üç kilometr uzunluğunda idi.

Morrison Yaponiyanın şəhərlərinə həyata keçirilən yandırıcı bombalamalar üçün aparılan hazırlıqların miqyasından da danışıb. Onun sözlərinə görə, limanda hər gün minlərlə ton aviasiya yanacağı daşıyan tankerlər dayanırdı. Böyük uçuş-enmə zolaqlarından nəhəng təyyarələr qalxır, hər 15 saniyədən bir başqa B-29 havaya qalxırdı:

Bu, bir saat yarım davam edirdi. Min B-29 dəfələrlə uçuş həyata keçirərək bir reyd zamanı şəhərin bir neçə kvadrat kilometr ərazisini yandırırdı”.

Onun sözlərinə görə, atom bombası isə tamamilə başqa idi:

“Yandırıcı bombalarla dolu gəmi karvanları yox idi. Bunun əvəzinə Los-Alamosdan təxminən 25 nəfər, sınaq laboratoriyasına çevrilmiş bir neçə prefabrik tikili və barrikadalarla qorunan bir bina var idi. Hücum gecəyarısından sonra başladı. Aerodrom boş idi. Bir təyyarə uçuş-enmə zolağı ilə hərəkət etdi, havaya qalxdı və düşmən şəhərlərinə doğru istiqamət götürdü”.

Morrison deyib ki, həmin vaxt müharibə hələ davam edirdi və Sakit okeanda böyük döyüşə doğru irəliləyirdilər. Buna görə də bombalamanı dayandırmaq mümkün olmayıb.

Müxtəlif hesablamalara görə, Naqasakidə ilkin partlayış nəticəsində təxminən 40 min insan həlak olub. Növbəti beş il ərzində isə bombalamanın birbaşa səbəb olduğu ölüm hallarının sayı 100 mindən çox olub.

Hiroşimada isə ən azı 80 min insan dərhal həyatını itirib. Ağır yanıqlar, xəsarətlər və kəskin radiasiya xəstəliyi nəticəsində ümumi ölüm sayı təxminən 140 minə çatıb.

 

Elmira Ağayeva

#Naqasaki #atombombası
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər