00:00:00
Yazar
Ayşən Səlimova
24.03.2026 19:28 148 2 dəq oxuma
Dünya

“ABŞ ilə İran arasında münasibətlər artıq kritik həddə çatıb”-ŞƏRH

“ABŞ ilə İran arasında münasibətlər artıq kritik həddə çatıb”-ŞƏRH

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında İranda rejim dəyişikliyinə ümid etdiyini bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranda rejim dəyişikliyi ilə bağlı açıqlaması artıq davam edən və pik həddə çatmış hərbi gərginlik fonunda əvvəlkindən daha ciddi və təhlükəli məna kəsb edir:

 

“Təxminən bir aydır davam edən qarşıdurma şəraitində bu cür bəyanatlar yalnız siyasi mesaj deyil, həm də real strateji niyyətin göstəricisi kimi qəbul oluna bilər. Əvvəla, ABŞ ilə İran arasında münasibətlər artıq kritik həddə çatıbdır və belə bir açıqlama gərginliyi daha da dərinləşdirir. Müharibə şəraitində “rejim dəyişikliyi” ifadəsi İran rəhbərliyi vasitəsilə açıq şəkildə mövcud siyasi sistemin devrilməsinə yönəlmiş çağırış kimi qiymətləndirilir. Bu isə Tehranın hərbi doktrinasında “tam müqavimət” modelini gücləndirə bilər. Nəticədə İran yalnız müdafiə mövqeyi ilə kifayətlənməyərək, regionda və hətta daha geniş coğrafiyada asimmetrik cavab addımlarını intensivləşdirə bilər. Bu cür dinamika birbaşa toqquşmaların sayını artırmaqla yanaşı, münaqişənin idarəolunmaz mərhələyə keçmə riskini yüksəldir. İkincisi, böyük güclərin reaksiyası artıq passiv diplomatik bəyanatlarla məhdudlaşmaya bilər. Rusiya və Çin kimi aktorlar bu cür ritorikanı beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək İrana daha açıq dəstək verə bilərlər. Bu dəstək hərbi-texniki əməkdaşlıq, kəşfiyyat məlumatlarının paylaşılması və ya iqtisadi sanksiyaların təsirini azaltmağa yönəlmiş addımlar şəklində ola bilər. Bu isə münaqişənin faktiki olaraq bloklararası qarşıdurmaya çevrilməsi riskini artırır”. 

 

Həmçinin şərhçi qeyd edib ki, digər tərəfdən, Avropa İttifaqı daxilində də fikir ayrılıqları dərinləşə bilər: 

 

“Bəzi ölkələr ABŞ-nin mövqeyinə yaxınlaşa, digərləri isə eskalasiyanın qarşısını almaq üçün daha neytral və vasitəçi rolunu üstün tuta bilər. Digər tərəfdən, Yaxın Şərq üçün nəticələr son dərəcə ağır ola bilər. Artıq mövcud olan münaqişə ocaqları fonunda İranın regional təsir mexanizmlərinin aktivləşməsi yeni cəbhələrin açılmasına gətirib çıxara bilər. Xüsusilə, İraq, Suriya və Livan kimi ölkələrdə gərginlik daha da arta, müxtəlif silahlı qruplar vasitəsilə qarşılıqlı hücumlar intensivləşə bilər. Bu isə yalnız hərbi deyil, həm də humanitar və iqtisadi böhranların dərinləşməsi ilə nəticələnəcək. Enerji resurslarının əsas hissəsinin bu regiondan keçdiyini nəzərə alsaq, qlobal enerji bazarlarında ciddi dalğalanmalar və iqtisadi qeyri-sabitlik də qaçılmaz görünür. Odur ki, hərbi gərginliyin pik nöqtəsində səsləndirilən bu cür bəyanat artıq sadəcə siyasi ritorika deyil, münaqişənin miqyasını genişləndirə biləcək katalizator rolunu oynaya bilər. Bu həm regional, həm də qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır və vəziyyəti nəzarətdən çıxara biləcək zəncirvari reaksiyalara səbəb ola bilər. Belə şəraitdə ritorikanın sərtləşməsi deyil, əksinə, diplomatik kanalların gücləndirilməsi və deeskalasiya mexanizmlərinin işə salınması həyati əhəmiyyət daşıyır”.

 

Aytac İbrahimova

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər