“ABŞ-İran arasında genişmiqyaslı razılaşma ehtimalı aşağıdır”- ŞƏRH
Yaxın Şərqdə geosiyasi gərginliyin əsas mənbələrindən biri ABŞ-İran münasibətləri və bu münasibətlərin regional güclərə təsiridir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamaları göstərir ki, tərəflər arasında müəyyən irəliləyiş əldə olunsa da, belə bir razılaşma bölgədəki bütün aktorların maraqlarına uyğun hesab edilmir. Xüsusilə İsrailin təhlükəsizlik və strateji maraqları baxımından bu proses mübahisəli qiymətləndirilir. Eyni zamanda, Türkiyənin diplomatik vasitəçilik səyləri və regional sabitliyin qorunmasına yönələn təşəbbüsləri məsələnin beynəlxalq əhəmiyyətini daha da artırır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib ki, hazırda İran-İsrail münaqişəsi davam edir:
“ Bu, tərəflər arasında hələlik hər hansı ciddi razılığın əldə olunmadığını göstərir. Münaqişənin səbəbləri və müzakirə olunan məsələlər kifayət qədər mürəkkəb olduğundan, tərəflərin yaxın zamanda ciddi anlaşmaya gəlməsi çətin görünür. Bu məsələdə İsrail tək hərəkət etmir, ABŞ ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərir. İsrailin ABŞ siyasətinə müəyyən təsir imkanlarının olması da bu əməkdaşlığı gücləndirən amillərdəndir. ABŞ-də hansı administrasiyanın hakimiyyətdə olmasından asılı olmayaraq, Tehran və Vaşinqton arasında dialoqun qurulması prosesində İsrail öz mövqeyini və təsir imkanlarını nümayiş etdirir. Bu səbəbdən İran və ABŞ arasında genişmiqyaslı və davamlı razılaşmanın əldə olunması ehtimalı hazırda kifayət qədər aşağı görünür. Həm ABŞ, həm də İran özünü qalib, qarşı tərəfi isə zəif göstərmək üçün güzəştə getmək niyyətində deyil. Tərəflər bunu öz siyasi nüfuzlarını qorumaq və gücləndirmək baxımından vacib hesab edirlər. İranın regiondakı proksi qüvvələrinin ABŞ və İsrail vasitəsilə hədəfə alınması və zəiflədilməsi Tehranı daha sərt mövqe tutmağa sövq edir. Bununla yanaşı, tərəflər arasında müəyyən qeyri-rəsmi anlaşmaların da mövcud olduğu bildirilir. Bu anlaşmalar ticarət, nəqliyyat və tranzit kimi sahələrdə müəyyən rol oynayır və münasibətlərin tamamilə qırılmasının qarşısını alır. Türkiyə isə bu məsələdə daha çox balanslı və rasional yanaşma sərgiləyir. Ankara regionda sabitliyin qorunmasını prioritet hesab edir və gərginliyin daha da artmasının qarşısını almağa yönələn siyasət yürütməyə çalışır”.
Mehriban Yariyeva