00:00:00
Yazar
Nərmin Həşimova
03.06.2026 20:20 87 3 dəq oxuma
Siyasət

ABŞ-İran danışıqları niyə nəticə vermir?- Politoloqdan AÇIQLAMA

ABŞ-İran danışıqları niyə nəticə vermir?- Politoloqdan AÇIQLAMA

ABŞ və İran arasında nüvə proqramı ilə bağlı aparılan danışıqlar beynəlxalq siyasətin diqqət mərkəzində qalmaqda davam edir. Uzun illərdir tərəflər arasında mövcud olan fikir ayrılıqları regionda təhlükəsizlik və sabitlik məsələlərinə birbaşa təsir göstərir. Aparılan müzakirələrdə müəyyən irəliləyişlərin əldə olunması isə diplomatik həll yoluna ümidləri artırır. ABŞ Dövlət katibi Marko Rubionun açıqlamaları göstərir ki, tərəflər əvvəllər müzakirədən imtina etdikləri bəzi məsələləri artıq gündəmə gətirməyə hazırdırlar. Bu isə İranla danışıqların perspektivləri və mümkün nəticələri barədə müzakirələri yenidən aktuallaşdırır.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, ABŞ və İran arasında danışıqların davam etməsi hələ ki, nəticə vermir:


“Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. ABŞ ilə İsrail arasında, həmçinin ABŞ hakimiyyəti daxilində də bununla bağlı ziddiyyətli mövqe toqquşmaları cərəyan edir. İran hakimiyyətinin daxilində də ciddi çəkişmə və bölünmə mövcuddur. Bir neçə gün öncə Məsud Pezeşkiyanın istefa xəbərinin yayılması da bundan xəbər verir. Trampın İsrailin baş naziri haqda kobud tənqidləri isə ziddiyyətlərin şaxələndiyini göstərir. Bütün bunları nəzərə alsaq, hər iki tərəfin vahid mövqe ortaya qoyması üçün ciddi maneələr var. Hər iki tərəfin özünü qalib kimi aparması şərtlərdən geri çəkilməyə imkan vermir. Nüvə proqramı, İranın tələb etdiyi təzminat, Hörmüz boğazına nəzarət məsələlərində konkret razılıq yoxdur. Danışıqların nəticələri ilə bağlı tərəflərin ictimaiyyətə açıqlamaları da digəri tərəfindən təkzib olunur. Bu gedişlə uğurlu nəticə əldə etmək ehtimalı azdır. Nüvə proqramı ilə bağlı razılığa gəlmə xəbəri prezidentin komandasının mövqeyinə əsaslanır. O, yumşaq siyasətin və islahatın tərəfdarıdır. Lakin SEPAH və digər tərəflərin mövqeyi bunun əksinədir. İranın vahid mövqedən çıxış etməsi üçün öncə hakimiyyətin daxilindəki çəkişmə həll olunmalıdır".


Politoloqun fikrincə, danışıqlarda perspektivlərin olması ehtimalı çoxdur, lakin razılıq əldə olunsa belə, bunun uzunömürlü olacağı şübhəlidir: 


"İsrail daim pozuculuq istiqamətində iş aparır. Danışıqlarda bir qədər nəticə əldə olunduqda dərhal Livanı, Qəzzanı bombalayır. Yəni ABŞ-nin İranla razılığa gəlməməsi uğrunda var gücü ilə çalışır və buna da nail olur. Nüvə proqramı əslində İrana qarşı istifadə edilən bir bəhanədir. İran bəlkə də artıq çoxdan nüvə ehtiyatını Rusiya yaxud, Hindistana ötürüb. Problemin kökü İsrailin Yaxın Şərqdəki işğalçı siyasətinə İranın mane olmasıdır. İranı sıradan çıxardıqdan sonra Türkiyə üzərinə gələcəklərini də gizlətmirlər. Məhz bu planın ifşası üçün Türkiyə İranı müdafiə edir, Pakistan isə ciddi səylər göstərir. Danışıqların yekun nəticə verməsi üçün nüvə proqramı kimi detallar deyil, daha böyük geostrateji məsələlərdə razılıq əsas rol oynayır. İran bilir ki, nüvə proqramı ətrafında razılıq əldə olunsa belə, İsrail və ABŞ əl çəkəsi deyil. ABŞ da İsrailin təsirindən doğan problemləri həll etmədikcə danışıqlar su üzərində yazı kimi əhəmiyyətsiz və nəticəsiz olacaq".


Mehriban Yariyeva

#ABŞ #İran #həll #problem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər