ABŞ-İran dialoqunda yeni mərhələ: 14 bəndlik memorandum hazırlanır
ABŞ ilə İran arasında mümkün razılaşma ilə bağlı hazırlanan memorandumun 14 bənddən ibarət olacağı bildirilib.
Məlumata görə, İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin Qətərə səfərindən sonra Tehranın dondurulmuş 12 milyard dollarlıq aktivlərinin azad olunması istiqamətində müəyyən irəliləyiş əldə edilib.
“Tasnim” agentliyinin yaydığı məlumata əsasən, tərəflər arasında bəzi fikir ayrılıqları hələ də qalır və vasitəçilər üzərindən mesaj mübadiləsi davam edir. Bildirilir ki, bütün məsələlər razılaşdırıldıqdan sonra memorandum birgə şəkildə elan olunmalıdır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, ABŞ və İran arasında memorandum hazırlanması tərəflərin qarşıdurmadan daha çox nəzarətli razılaşmaya üstünlük verdiyini göstərir:
“Hazırkı mərhələdə həm Vaşinqton, həm də Tehran üçün müəyyən kompromislərə getmək zərurəti yaranıb. İran ağır iqtisadi sanksiyaların təsiri altında daxili iqtisadi sabitliyi qorumağa çalışır. Dondurulmuş 12 milyard dollarlıq aktivlərin azad olunması isə Tehran üçün həm maliyyə baxımından, həm də daxili ictimai narazılığın qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. ABŞ tərəfi isə regionda yeni genişmiqyaslı gərginliyin yaranmamasında maraqlıdır. Xüsusilə Yaxın Şərqdə davam edən münaqişələr fonunda Vaşinqton İran məsələsində nəzarətli və mərhələli həll modelinə üstünlük verir”.
Ekspert qeyd edib ki, tərəflər arasında müəyyən yaxınlaşma olsa da, əsas fikir ayrılıqları hələ də qalmaqdadır:
“İranın nüvə proqramı, uranın zənginləşdirilməsi səviyyəsi, regiondakı proksi qüvvələrin fəaliyyəti və Hörmüz boğazının təhlükəsizlik məsələləri tərəflər arasında ən həssas mövzular olaraq qalır. Buna görə də vasitəçilər üzərindən mesaj mübadiləsinin davam etməsi danışıqların hələ tam yekunlaşmadığını göstərir. Bununla belə, 14 bəndlik memorandum layihəsinin hazırlanması onu deməyə əsas verir ki, tərəflər böyük siyasi sazişdən daha çox mərhələli və praktik razılaşmalar üzərində dayanmağa çalışırlar”.
Siyasi şərhçinin sözlərinə görə, mümkün memorandum yalnız ABŞ və İran münasibətlərinə deyil, bütövlükdə regiondakı geosiyasi balanslara da təsir göstərə bilər:
“Əgər tərəflər razılığa gələ bilsələr, bu, həm enerji bazarlarında müəyyən sabitlik yarada, həm də regionda hərbi eskalasiya risklərini müəyyən qədər azalda bilər. Eyni zamanda, belə bir razılaşma İranın beynəlxalq təcridinin qismən yumşalmasına gətirib çıxara bilər. Amma hazırkı şəraitdə tərəflər arasında tam etimadın formalaşdığını söyləmək hələ tezdir”.
Ekspert hesab edir ki, yaxın müddətdə tərəflər arasında diplomatik təmasların intensivliyi daha da arta bilər. Həm ABŞ, həm də İran üçün birbaşa toqquşmadan yayınmaq prioritet məsələdir. Buna görə də vasitəçi ölkələrin iştirakı ilə aparılan danışıqların davam etdirilməsi ehtimalı yüksəkdir. Əldə olunacaq istənilən ilkin razılaşma gələcəkdə daha geniş çərçivəli siyasi və iqtisadi anlaşmalar üçün baza rolunu oynaya bilər.
ABŞ və İran arasında memorandum hazırlanması ilə bağlı yayılan məlumatlar tərəflərin diplomatik kanalları açıq saxlamağa çalışdığını göstərir. Bununla yanaşı, mövcud fikir ayrılıqları danışıqlar prosesinin hələ də həssas mərhələdə davam etdiyini ortaya qoyur. Mövcud geosiyasi şəraitdə tərəflərin atacağı növbəti addımlar həm regionun təhlükəsizlik balansına, həm də beynəlxalq münasibətlərin gələcək inkişafına ciddi təsir göstərə bilər.
Aişə Mustafayeva