ABŞ-İran gərginliyinin danışıqlarla həlli real görünmür
ABŞ-İran gərginliyinin danışıqlarla həlli real görünmür
ABŞ Prezidenti Donald Tramp bildirib ki, yaxın gələcəkdə İranın Xarq adasını və bəzi neft obyektlərini ələ keçirə, neft-qaz bazarlarını isə nəzarətə götürə bilər. O, həmçinin İranın hərbi potensialının böyük hissəsinin artıq məhv edildiyini iddia edib.
Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İranın əsas tələblərindən geri çəkilməməsi mövcud hərbi-siyasi gərginliyin danışıqlar yolu ilə həllini hazırda real göstərmir:
“ABŞ və İran arasında yaşanan mövcud hərbi-siyasi gərginliyin danışıqlar yolu ilə həlli inandırıcı deyil. Çünki hər iki tərəf qırmızı cizgilərini elan edib, lakin bu prinsiplərdən geri çəkilməklə bağlı ciddi hərəkətlilik görmürük. İstər müharibənin başlamasına səbəb olan İranın zənginləşdirilmiş uranının ölkədən çıxarılması, uranın zənginləşdirilməsinin dayandırılması, raket sənayesi kompleksinin inkişafının dayandırılması və nüvə tədqiqatlarının dayandırılması ilə bağlı ABŞ tələblər irəli sürüb, lakin bu tələblərdən imtina etməyib. İran da Pakistanda başlayan, aprel ayından bəri baş tutan danışıqlarda bəzi tələblər irəli sürdü. İran özünə dəyən 270 milyard dollarlıq kompensasiyadan imtina etməyib, eyni zamanda İranın dondurulmuş aktivlərinin dərhal İrana geri ödənilməsini, İrana qarşı tətbiq olunan sanksiyaların dayandırılmasını tələb edib. Körfəzdə yerləşən ABŞ silahlı qüvvələrinin körfəzdən çəkilməsi və Hörmüz körfəzində İranın suveren hüquqlarının bərpası adı altında şərtlər irəli sürülüb. İran bu tələblərdən imtina etməmişdir. Bu o deməkdir ki, tərəflər müharibənin həlli ilə bağlı prinsipial tələblərindən geri çəkilməyib. Geri çəkilmə olmadığı üçün də sülh danışıqları yolu ilə müharibənin həlli real deyil”.
Politoloq qeyd edib ki, İranın ABŞ bazalarına zərbələri fonunda danışıqlar real görünmür və hərbi əməliyyatların genişlənməsi ehtimalı artır:
“Bundan sonra tərəflərin bir-birinə qarşı hərbi həmlələri hara qədər ola bilər, nədən ibarət ola bilər, onu da proseslərin gedişi göstərəcəkdir. Amma istər Xark adası olsun, istər İranın digər strateji nöqtələri olsun, bu istiqamətdə ABŞ-nin hərbi əməliyyatlarının bərpa olunması qaçılmazdır. Çünki artıq bir neçə gündür ki, İran da həm Küveytdə, həm Bəhreyndə, həm də Qətərdə yerləşən ABŞ hərbi bazalarına qarşı, o cümlədən İordaniyadakı hərbi bazalara qarşı raket artilleriyasından istifadə edərək zərbələr endirib. Bu da onu deməyə əsas verir ki, danışıqlar bundan sonra da real görünmür”.
Aydan Əsgərxanlı