00:00:00
Yazar
Aise Mustafayeva
04.09.2026 23:17 59 2 dəq oxuma
Gündəm

ABŞ-İran qarşıdurması: Hörmüz boğazında gərginlik enerji bazarlarına təsir edir

 

ABŞ-İran qarşıdurması: Hörmüz boğazında gərginlik enerji bazarlarına təsir edir

ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, İran kommersiya gəmilərinə atəş açmağı dayandırmasa, Vaşinqton Tehranla danışıqlar aparmayacaq.

 

Vens mətbuat konfransında hazırda aktiv atışmanın olmadığını və ABŞ-nin İranla yaşanan qarşıdurmanı müharibə kimi qiymətləndirmədiyini deyib. O, əsas məsələnin dünya enerji bazarlarında tarazlığın qorunması olduğunu vurğulayıb. Vitse-prezidentin sözlərinə görə, ötən gecə Hörmüz boğazından 15 milyon barel neft çıxarılıb.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov bildirib ki, ABŞ ilə İran arasındakı münasibətlər faktiki olaraq müharibə şəraitinə uyğun vəziyyət alıb:

 

 

“Burada nə hərb, nə də sülh konfiqurasiyası tam formalaşıb. Vaxtaşırı atəşkəs pozulur, gəmilərə hücumlar edilir, ABŞ İrandakı hərbi obyektləri vurur, İran isə buna cavab olaraq regiondakı Amerika bazalarına zərbələr endirir. İranın əsas tələbi ABŞ-nin regiondan çıxmasıdır. Tehran hesab edir ki, Amerikanın bölgədə mövcudluğu yeni risk və təhdidlər yaradır.

 

 

Digər tərəfdən, ABŞ qarşıya qoyduğu bir sıra hədəflərə nail ola bilməyib. Vaşinqton İranın hərbi potensialını və strategiyasını düzgün qiymətləndirməyib və qarşıdurmanın bu qədər uzunmüddətli olacağını gözləməyib”.

 

 

Ekspertin sözlərinə görə, qarşıdurmanın iqtisadi tərəfi də ABŞ üçün ciddi yük yaradır. İran daha az xərclə öz resurslarından istifadə etdiyi halda, ABŞ bahalı raket və hərbi vasitələrdən yararlanır. Bu baxımdan Tehran Vaşinqton üçün iqtisadi cəhətdən əlverişsiz vəziyyət formalaşdırmağa nail olub.

 

 

Tofiq Abbasov qeyd edib ki, qarşıdurmanın ABŞ daxilindəki siyasi proseslərə də təsiri var. Onun sözlərinə görə, qarşıdurmanın davam etməsi və ölkə daxilindəki etirazlar Donald Tramp administrasiyasının mövqeyinə mənfi təsir göstərə bilər.

 

 

Siyasi şərhçi hesab edir ki, xüsusilə noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində İranla qarşıdurmanın nəticələri ABŞ administrasiyası üçün mühüm siyasi amilə çevrilə bilər.

 

 

Hörmüz boğazında gərginliyin artmasının dünya enerji bazarlarına da təzyiqi gücləndirdiyini bildirən ekspert qeyd edib ki, neft daşımalarının təhlükəsizliyi ilə bağlı yaranan risklər qiymətlərin dəyişkənliyini artırır:

 

 

“İran tərəfi artıq müdafiə strategiyasından hücum strategiyasına keçdiyini bəyan edib. Bu isə regionda ABŞ-nin hərbi kontingentləri və gəmiləri üçün risklərin artması deməkdir. Qarşıdurmanın necə nəticələnəcəyini isə proseslərin sonrakı gedişi göstərəcək”.

 

 

Aişə Mustafayeva

#gərginlik #baki #abş-i̇ran #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər