ABŞ–İran qarşıdurmasının neft bazarına təsiri
ABŞ və İran arasında qarşılıqlı hücumların yenidən intensivləşməsi qlobal enerji bazarında təchizatla bağlı narahatlıqları artırıb.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında İqtisatçı Elman Sadiqov bildirib ki, Birmənalı şəkildə demək olar ki, Hörmüz boğazında vəziyyətin gərginləşməsi neft qiymətlərinin kəskin şəkildə artması ilə nəticələnə bilər:
“Amma hazırda bir sıra tədbirlər görülüb. Digər ölkələrdə neft hasilatının artırılması, eləcə də Hörmüz boğazından keçən neftin bir hissəsinin alternativ marşrutlarla, quru yolu və boru xətləri vasitəsilə daşınması müəyyən dərəcədə bu itkini kompensasiya edir. Hazırda söhbət gündəlik 20 milyon barel deyil, təxminən 11-12 milyon barel neftdən gedir. Yəni təxminən 7-8 milyon barellik həcm müəyyən dərəcədə kompensasiya olunub. Amma hər bir halda, gərginlik artarsa, qiymət artımı qaçılmaz olacaq. Mən maksimum neft qiymətinin təxminən 120 dollar civarında olacağını gözləyirəm. Çünki daha yüksək qiymət artımına dünya iqtisadiyyatı, xüsusilə də ABŞ və digər inkişaf etmiş ölkələr imkan verməz. Burada əsas məsələ inflyasiya amilidir. Digər tərəfdən, artan borclara görə ödənilən faizlər və büdcə kəsirləri də ciddi problemdir. Söhbət təkcə ABŞ-dan getmir. Hazırda Yaponiyada da oxşar vəziyyət mövcuddur. Əlbəttə, ABŞ-da bu vəziyyət nisbətən daha kəskindir. Digər tərəfdən, qarşıdan noyabrın 3-də keçiriləcək aralıq seçkilər gəlir. Bu seçkilərdə Tramp administrasiyası, əlbəttə, Respublikaçılar Partiyasının böyük üstünlüklə məğlub olmamasına çalışacaq. Çünki artıq müəyyən ştatlarda demokratlar təşəbbüsü ələ almağı bacarıblar. Hər bir halda, noyabr ayında keçiriləcək seçkilərdə Tramp Respublikaçılar Partiyasının Senatda və Konqresdə ən azı mövcud mövqelərini qoruyub saxlaması və böyük üstünlüklə məğlub olmaması üçün əlindən gələni edəcək. Bunun üçün əsas məsələlərdən biri İran probleminin həllinə nail olmaq, neft qiymətlərini aşağı salmaq və nəticə etibarilə inflyasiyanı azaltmaqdır. Çünki faiz dərəcələri yüksək olduqda ABŞ hazırda mövcud olan təxminən 40 trilyon dollarlıq borca görə büdcədən böyük məbləğdə vəsait xərcləyir. Söhbət təxminən 1,2 trilyon dollardan gedir. Heç olmasa bu məbləğin təxminən 300 milyard dollara qədər azaldılması Tramp administrasiyasının əsas hədəflərindən biridir. Bu hədəfə çatmağın yollarından biri enerji qiymətlərini və inflyasiyanı aşağı salmaqdır ki, Federal Ehtiyat Sistemi faiz dərəcələrini azalda bilsin. Deməli, burada böyük bir tələskənlik var. Həm aralıq seçkilərlə bağlı siyasi amil, həm iqtisadi qayğılar, həm qarşıdan gələn büdcə müzakirələri, həm də Trampın seçkiqabağı verdiyi vədlər məsələsi mövcuddur. Faizləri aşağı salmaq, büdcə kəsirini azaltmaq və ən azı dövlət borcunun artımının qarşısını almaq kimi ciddi hədəflər var. Tramp administrasiyası üçün vaxt daralır. Bu səbəbdən biz İrana qarşı daha şiddətli hücumların şahidi ola bilərik və yaxud vəziyyət daha da gərginləşə bilər. Amma bu vəziyyət dünya iqtisadiyyatı üçün ciddi problem yaradana qədər davam edə bilər. Yəni vəziyyət dünya iqtisadiyyatı üçün ciddi təhlükə yaratmağa başladığı anda yenidən sakitləşmə prosesinin şahidi ola bilərik. Danışıqlar başlayacaq, diplomatik yollara əl atılacaq. Beynəlxalq Enerji Agentliyinin 400 milyon barel neft ehtiyatının istifadəsi ilə bağlı müraciətindən sonra bazardakı vəziyyət xeyli sabitləşmişdi. Bu, təxminən dünya neft ehtiyatlarının 20 faizinə yaxın həcmdir. Əgər zərurət yaranarsa, yenidən strateji neft ehtiyatlarından istifadə məsələsi gündəmə gələ bilər. Qarşıdan qış aylarının gəlməsini də nəzərə almaq lazımdır. İstiliklə əlaqədar həm qaza, həm də neftə tələbatın artması məsələsi gündəmdədir. Bu səbəbdən Tramp administrasiyası İran məsələsində konkret nəticə əldə etmək istəyir. Amma nə olursa-olsun, neft qiymətlərinin 150-200 dollar səviyyəsinə yüksəlməsi ehtimalını çox aşağı qiymətləndirirəm.Ümumiyyətlə, neft hasilatının azalması, daha doğrusu, bazara təklif olunan neftin həcminin azalması dünya iqtisadiyyatı üçün ciddi narahatlıq yaradır. Enerji qiymətlərinin artması inflyasiya təzyiqinin yüksəlməsi deməkdir. Nəticə etibarilə bu, daha çox borclanma, daha böyük büdcə kəsiri və sonda iqtisadi durğunluq, hətta resessiyaya gətirib çıxara bilər. Ona görə də bu, kifayət qədər təhlükəli amildir. Digər tərəfdən, daşınma marşrutlarının təhlükə altında olması da ciddi problemdir. Artıq dəniz yolu ilə gəmilərin təhlükəsiz hərəkəti, sığortalanması və digər məsələlər gündəmdədir”.
İqtisatçının sözlərinə görə, son hadisələr, o cümlədən Qara dənizdə baş verən proseslər, daha sonra cənub marşrutu və Bab əl-Məndəb boğazı ilə bağlı vəziyyət gəmi daşımalarının müddətinin uzanmasına səbəb olur:
“Bəzi hallarda bu müddət 60-80 günə qədər çatır. Bu isə şirkətlərdə ciddi tədarük zənciri problemləri yaradır, daşınma xərclərini və riskləri artırır. Burada risk amili artıq ön plana çıxır. Amma investorları daha çox hansı amilin narahat etdiyinə gəldikdə, düşünürəm ki, daşınma marşrutları ilə bağlı vəziyyət müəyyən qədər alternativlərin mövcudluğu hesabına kompensasiya oluna bilər. Alternativ marşrut tapmaq və onları formalaşdırmaq nisbətən asandır. Məsələn, Orta Dəhliz və digər marşrutlar var və bu marşrutlar getdikcə daha da aktivləşir”.
Müsahibin sözlərinə görə, əsas məsələ isə neft hasilatı ilə bağlıdır:
“Faktiki olaraq dünya bazarına təklif olunan neftin çatışmazlığı və yaranan kəsir dünya iqtisadiyyatına, xüsusilə də kasıb və inkişaf etməkdə olan neft idxalçısı ölkələrə ciddi mənfi təsir göstərir. Strateji neft ehtiyatları olmayan Banqladeş, Pakistan, Filippin və bir sıra Afrika ölkələrində ciddi neft çatışmazlığı yarana bilər. Hətta bəzi ölkələrdə avtomobillər üçün yanacağın müəyyən limitlərlə satılması gündəmə gələ bilər. Bu isə sənayeyə və biznesə mənfi təsir göstərir. İnkişaf etmiş ölkələr isə böyük strateji neft ehtiyatları toplayıblar ki, neft idxalında problem yaranacağı təqdirdə həmin ehtiyatlardan istifadə etsinlər. Eyni zamanda, onların iqtisadi inkişaf səviyyəsi bahalı nefti müəyyən müddət ərzində idxal etməyə imkan verir. Ona görə də həmin ölkələr üçün vəziyyət kasıb ölkələrdə olduğu qədər kritik deyil. Amma bu ölkələrin iqtisadiyyatlarında yaranan inflyasiya da qlobal iqtisadiyyat üçün müəyyən təhdidlər formalaşdırır”.
Selcan Xudiyeva