İraq Kürdüstanında İŞİD-in 22 üzvü saxlanılıb
İraq Kürdüstanı Muxtar Regionunun təhlükəsizlik qüvvələri bir neçə İŞİD hücrəsinin fəaliyyətinə son qoyduqlarını və terror təşkilatının 22 üzvünü saxladıqlarını açıqlayıblar.
"İnformator.az" xəbər verir ki, bu barədə muxtar regionun Daxili Təhlükəsizlik İdarəsi – “Asayiş” məlumat yayıb.
Qurumun açıqlamasına görə, regionun müxtəlif ərazilərində keçirilən xüsusi əməliyyatlar nəticəsində İŞİD-in bir neçə gizli hücrəsi zərərsizləşdirilib və terror qruplaşmasının 22 üzvü saxlanılıb.
Bildirilib ki, saxlanılan şəxslər İŞİD-in nəzarəti altında fəaliyyət göstərən “Vilayət Kürdüstan” qrupunun “beşinci batalyonu”nun üzvləri olublar.
“Asayiş”in məlumatına görə, həmin şəxslər İraq Kürdüstanında və ölkənin digər bölgələrində İŞİD-in “yatmış hücrələri” arasında əlaqələrin qurulmasını, həmçinin xaricdəki qruplaşma üzvləri ilə əlaqə yaradılmasını planlaşdırıblar. Onların silah alınması üçün maliyyə vəsaiti toplamaq niyyətində olduqları da bildirilir.
Saxlanılan şəxslərin planları arasında əldəqayırma partlayıcı qurğuların yerləşdirilməsi, regionda terror aktlarının təşkili və təhlükəsizlik qüvvələrinə hücum məqsədilə onların fəaliyyətinin izlənilməsi də olub.