ABŞ İranın “Şahed-139” kamikadze dronunu vurub
Reuters agentliyinin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Abraham Lincoln” təyyarədaşıyanına təhlükəli şəkildə yaxınlaşan İrana məxsus “Şahed-139” kamikadze pilotsuz uçuş aparatı ABŞ qüvvələri vasitəsilə məhv edilib. Hadisə Yaxın Şərqdə artan hərbi fəallıq fonunda baş verib və ABŞ-İran münasibətlərində növbəti gərginlik mərhələsi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ülviyyə Zülfüqar bildirib ki, Abraham Lincoln təyyarədaşıyanına təhlükəli məsafədə yaxınlaşan Shahed-139 tipli kamikadze pilotsuz uçuş aparatının ABŞ qüvvələri vasitəsilə məhv edilməsi bölgədə onsuz da yüksək olan hərbi gərginliyi yeni mərhələyə keçə bilməsini deməyə əsas verir:
“Bu hadisə təkcə taktiki insident deyil, eyni zamanda ABŞ və İran arasında “qaynar təmas xətti”nin nə qədər həssas və təhlükəli həddə çatdığını göstərir.“Şahed-139” İranın həm kəşfiyyat, həm də zərbə funksiyasını birləşdirən kamikadze dronudur. Bu tip dronlar hədəf ətrafında müəyyən müddət dolaşaraq ən uyğun məqamda zərbə endirmək qabiliyyətinə malikdir. ABŞ tərəfinin dronu vurması böyük ehtimalla preventiv müdafiə tədbiri kimi qiymətləndirilə bilər. Çünki kamikadze dronun təhlükəli yaxınlaşması artıq potensial hücum niyyəti kimi qəbul olunur. Belə cihazlar xəbərdarlıq məsafəsini keçdikdə qarşı tərəf onu legitim hədəf sayır. Bu, da özünümüdafiə hüququ yaradır ki, bu halda ABŞ burada təhlükəni neytrallaşdıran tərəf kimi çıxış edir”.
Politoloq eyni zamanda İran üçün isə bu insidentin strateji baxımdan da həssas olduğunu bildirib:
“Bir tərəfdən, Rəsmi Tehran belə dronlarla ABŞ qüvvələrinə psixoloji və taktiki təzyiq göstərməyə çalışır. Digər tərəfdən, dronun vurulması İranın bu təzyiq mexanizminin nə qədər riskli olduğunu ortaya qoyur. Bu hadisə göstərir ki, Yaxın Şərqdə dəniz məkanında bu kimi “təhlükəli yaxınlaşmalar” istənilən an real toqquşmaya çevrilə bilər. Xüsusilə pilotsuz sistemlərin geniş yayılması səhv hesablamalar, yanlış siqnallar ani eskalasiya riskini artırır. ABŞ və İran arasında hazırda açıq müharibə olmasa da, bu cür insidentlər bölgədə vəziyyətin son dərəcə kövrək olduğunu nümayiş etdirir”.
Banuçiçək Məmmədova
