00:00:00
Yazar
Admin User
24.01.2026 18:31 119 2 dəq oxuma
Dünya

ABŞ-nin diqqəti Bakıya yönəlir: vitse-prezident fevralda Azərbaycanda

ABŞ-nin diqqəti Bakıya yönəlir: vitse-prezident fevralda Azərbaycanda

ABŞ-nin vitse-prezidenti fevral ayında Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində ikitərəfli münasibətlər və regional məsələlərin müzakirəsi nəzərdə tutulur.

 

Məsələ ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, xüsusilə, keçmiş sovet mirasından uzaqlaşmağa çalışan Azərbaycan üçün ABŞ vitse-prezidentinin səfəri strateji əhəmiyyət daşıyır:

 

“Hazırda Amerika Birləşmiş Ştatları qlobal siyasətdə əsas güc mərkəzidir və dünya ölkələri bu reallıqla hesablaşır. Azərbaycanla ABŞ arasında münasibətlərin yüksək səviyyədə olması isə bu səfərin əhəmiyyətini daha da artırır. ABŞ vitse-prezidenti fəaliyyətə başladığı dövürdən ilk dəfədir ki, xarici səfər edir. Onun Azərbaycana gəlməsi ABŞ-nin Azərbaycanı regionda etibarlı tərəfdaş və mühüm siyasi aktor kimi gördüyünü təsdiqləyir. Səfərin diqqətçəkən məqamlarından biri də ABŞ vitse-prezidentinin eyni zamanda Ermənistana da səfər edəcək olmasıdır. Bu fakt Vaşinqtonun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında və dayanıqlı sülhün təmin olunmasında real maraqlı tərəf olduğunu göstərir. ABŞ bu prosesi yalnız bəyanatlarla deyil, konkret addımlarla dəstəkləyir və bu yanaşma onu digər vasitəçilərdən fərqləndirir. ABŞ-nin prosesə fəal şəkildə qoşulması tərəflər arasında anlaşmanın dərinləşməsinə səbəb olub. Artıq sülh sazişinin mətni paraflanıb və sənədin ilin ikinci yarısında imzalanacağı gözlənilir. Belə bir mərhələdə ABŞ vitse-prezidentinin hər iki ölkəyə səfəri Vaşinqtonun regiona bütöv yanaşmasının ifadəsi kimi qiymətləndirilir”.

 

Azər Həsrət əlavə edib ki, Azərbaycan bütün mərhələlərdə Cənubi Qafqazın bütövlüyünün tərəfdarı olub və bu siyasətini bundan sonra da davam etdirəcək:

 

“Ermənistanla münasibətlərin normallaşması, Gürcüstanla sabit əlaqələr və ümumilikdə Qafqazın gələcəkdə inteqrasiya imkanları Azərbaycanın regional rolunu daha da gücləndirir. Bu baxımdan ABŞ-nin Bakıya xüsusi diqqəti təsadüfi deyil. ABŞ-də Donald Trampın yenidən hakimiyyətə qayıdışından sonra Vaşinqtonun Azərbaycan siyasətində nəzərəçarpacaq dəyişikliklər baş verib. Yeni administrasiya Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini açıq şəkildə dəstəkləyib və Bakı ilə münasibətlərə prioritet yanaşma sərgiləyib. Bu isə Azərbaycanı regionda “kilit ölkə” statusuna yüksəldib. Hazırda Azərbaycan təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada mühüm siyasi mərkəzə çevrilir. Şimalda Qafqaz, cənubda isə İranda baş verən proseslər fonunda Bakının rolu daha da ön plana çıxır. ABŞ-nin Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərməsi də məhz bu geosiyasi reallıqla bağlıdır”.

 

Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər