00:00:00
Yazar
Admin User
28.01.2026 10:09 59 2 dəq oxuma
Dünya

ABŞ-nin Donbas şərti Kiyevi daxildən sarsıda bilər

ABŞ-nin Donbas şərti Kiyevi daxildən sarsıda bilər

Ağ Ev Kiyevə veriləcək təhlükəsizlik zəmanətlərinin Ukraynanın Donbasdan çıxmasına razılıq verməsindən asılı olduğunu açıq şəkildə bildirib. Bu barədə “Faynənşl Tayms” mənbəyə istinadən məlumat yayıb. “ABŞ hesab edir ki, müharibəyə son qoymaq üçün Kiyev Donbası tərk etməlidir. Vaşinqton həmçinin Ukraynaya bildirib ki, qoşunlarını Donbas ərazilərindən çıxararsa, sülh dövründə onun ordu qüvvələrinə əlavə silah təchizatı verməyə hazırdır”, - mənbə bildirib.

 

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Kiyevin Donbasdan çıxmağa razılaşması Ukraynanın daxili siyasi sabitliyi üçün son dərəcə həssas və riskli ssenaridir:

 

“Müharibə illərində Donbas məsələsi Ukrayna cəmiyyətində təkcə ərazi yox, həm də milli müqavimət və dövlətçilik simvoluna çevrilib. Belə bir qərar hakimiyyət üçün ciddi legitimlik problemi yarada, müxalif qüvvələrin və radikal qrupların etirazlarını gücləndirə, hətta siyasi parçalanmanı dərinləşdirə bilər. Xüsusilə, cəbhədə döyüşən hərbçilər, itkilər vermiş ailələr və müharibəni “ədalətli müdafiə savaşı” kimi qəbul edən geniş kütlə üçün bu addım geri çəkilmə və məğlubiyyət kimi oxuna bilər. Bu isə etiraz aksiyaları, hökumət böhranı və siyasi elitanın daxilində çatlar yaratmaq riskini artırır. Vaşinqtonun bu yanaşması isə formal olaraq Ukraynanın ərazi bütövlüyündən imtina kimi təqdim olunmasa da, praktikada prioritetlərin dəyişdiyini göstərir. ABŞ üçün əsas məqsəd müharibənin dondurulması və idarə olunan sülh modelinə keçiddirsə, bu zaman ərazi məsələsi artıq mütləq prinsip yox, danışıqlar predmeti kimi ortaya çıxır. Təhlükəsizlik zəmanətlərinin və silah təchizatının Donbasdan çıxma şərti ilə bağlanması Vaşinqtonun reallıqlara uyğun daha praqmatik xəttə keçdiyini göstərir. Bu isə beynəlxalq münasibətlərdə prinsipial bəyanatlarla faktiki siyasət arasındakı fərqi bir daha üzə çıxarır və Ukrayna üçün sual yaradır: strateji tərəfdaşlıq ərazi bütövlüyünün tam qorunmasına qədər davam edəcəkmi, yoxsa müəyyən mərhələdə kompromis labüddür?”

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər