00:00:00
Yazar
Admin User
21.01.2026 16:36 72 2 dəq oxuma
Siyasət

ABŞ-nin NATO-dakı rolunun azalması Alyans üçün risk yarada bilər

ABŞ-nin NATO-dakı rolunun azalması Alyans üçün risk yarada bilər

ABŞ NATO məsləhət qrupundakı iştirakını azaltmağı planlaşdırır. Bu barədə “Vaşinqton Post” qəzeti bir neçə yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında beynəlxalq münasibətlər üzrə tədqiqatçı Həşim Səhrablı bildirib ki, indiki mərhələdə ABŞ-nin NATO-da iştirakını azaltması çox cüzi rəqəmlərlə ölçülür:

 

“Bu addım ABŞ-nin NATO-dakı iştirakını tam dayandırması, qeyri-müəyyən müddətə təxirə salması və ya Alyansdan uzaqlaşması anlamına gəlmir. Məsələnin maliyyə çətinlikləri ilə, texniki amillərlə, yoxsa digər NATO üzvlərinə siyasi mesaj vermək məqsədi ilə əlaqəli olub-olmadığı bilinmir. Əgər bu addım ABŞ-nin digər üzvlərə ‘mən olmadan gücsüzsünüz’ mesajını ötürmək məqsədi daşıyırsa, bu, gələcəkdə NATO daxilində ciddi fikir ayrılıqlarına, münasibətlərdə soyuqluğun artmasına və mövcud gərginliyin dərinləşməsinə səbəb ola bilər. Əgər qərar sırf texniki və ya maliyyə xarakterlidirsə, bu məsələni böyütməyə ehtiyac yoxdur və müəyyən vaxtdan sonra vəziyyət normallaşa bilər”.

 

Müsahib qeyd edib ki, bu, Tramp administrasiyasının NATO rəhbərliyinə və üzv dövlətlərə ünvanladığı açıq mesajdır:

 

“Qlobal qarşıdurmaların artdığı, Rusiyanın Avropa üçün təhdid yaratdığı şəraitdə ABŞ demək istəyir ki, onun iştirakı olmadan NATO özünü effektiv şəkildə müdafiə edə bilməz. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, NATO təkcə ABŞ-dən ibarət deyil. Britaniya, Almaniya, Fransa, Türkiyə, İtaliya kimi ölkələr kifayət qədər geniş hərbi və texnoloji imkanlara malikdir və ABŞ-nin iştirakı azalsa belə, Alyansın işləkliyini müəyyən müddət qoruyub saxlamaq potensialına sahibdir. Ancaq ABŞ gələcəkdə NATO-dan tamamilə uzaqlaşsa, bu, həm maddi, həm də strateji baxımdan əsas güc mərkəzinin itirilməsi demək olar və belə halda NATO-nun Rusiya və Çin kimi güclərə qarşı çəkindirici rolu ciddi şəkildə zəifləyə bilər”.

 

Həmçinin müsahib deyib ki, Tramp administrasiyası NATO ilə bağlı xarici siyasət kursuna yenidən baxmağı hədəfləyir:

 

“Əgər əvvəlki dövrlərdə NATO-nun əsas yükü və məsuliyyəti ABŞ-nin üzərində idisə, indi Vaşinqton bu yükü daşımaq istəmir və onu üzv dövlətlər arasında bölüşdürməyə çalışır. Bu yanaşma baş tutmasa, ABŞ öz təhlükəsizliyi üçün alternativ mexanizmlər axtara və NATO ilə münasibətlərini yenidən formalaşdıra bilər. Hazırkı mərhələdə isə əsas məqsəd NATO daxilində yükü azaltmaq, məsuliyyəti paylaşdırmaq və müttəfiq ölkələrə ABŞ-nin lider rolunu qəbul etdirməklə onları öz tələblərinə uyğun mövqe tutmağa yönəltməkdir”.

 

Qəmər Kazımzadə

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər