00:00:00
Yazar
Aise Mustafayeva
09.09.2026 23:55 45 2 dəq oxuma
Gündəm

ABŞ-nin neft tankerlərinə zərbəsi: İran-ABŞ müharibəsində yeni mərhələ?

 

 

ABŞ-nin neft tankerlərinə zərbəsi: İran-ABŞ müharibəsində yeni mərhələ?

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranla əlaqəli beş xam neft tankerinin məhv edildiyini açıqlayıb.

 

 

CENTCOM-un məlumatına görə, əməliyyat İran İslam İnqilabı Keşikçiləri Korpusunun son günlər ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə ballistik raketlərlə hücum cəhdlərindən sonra həyata keçirilib. ABŞ tərəfi əməliyyat zamanı Amerika hərbçiləri arasında itki olmadığını bildirib.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən siyasi şərhçi Aydın Quliyev bildirir ki, İran körfəzində və Hörmüz boğazı ətrafında baş verən hadisələr İran-ABŞ qarşıdurmasında yeni mərhələnin başlanğıcı ola bilər.

 

 

Siyasi şərhçinin sözlərinə görə, İran indiyədək neft tankerlərinə zərbə endirməkdən çəkinib. Buna səbəb isə belə hücumların körfəzdə ciddi ekoloji fəlakətə və suyun tərkibinin çirklənməsinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar olub.

 

"ABŞ-nin İranla əlaqəli neft tankerlərinə zərbə endirməsi bölgədəki hərbi qarşıdurmanın daha da genişlənməsinə səbəb ola bilər. Bu hadisənin mümkün ekoloji nəticələri gələcəkdə daha aydın şəkildə ortaya çıxacaq" .

 

Siyasi şərhçi əlavə edir ki, tankerlərin vurulması İran-ABŞ müharibəsində yeni bir səhifə aça bilər. 

 

" İranın bundan sonrakı mərhələdə ABŞ-yə qarşı hərbi fəaliyyətini daha da genişləndirmək ehtimalı böyükdür".

 

 

Aydın Quliyev vurğulayır ki, qarşılıqlı zərbələrin artması xüsusilə dünya enerji bazarına ciddi təsir göstərə bilər. Hörmüz boğazından neft tankerlərinin keçidinin məhdudlaşması və ya tamamilə dayanması dünya bazarında neftin qiymətinin daha da yüksəlməsinə gətirib çıxarar.

 

"Son hadisələr Hörmüz boğazında təhlükəsizliyə və nəzarətə dair ciddi suallar yaradır. Ticarət və neft gəmilərinə qarşı hücumların davam etməsi isə regionda müharibəni daha da qızışdıraraq Yaxın Şərqdə sülhlə bağlı mövcud ümidləri zəiflədə bilər".

 

 

A.Quliyev hesab edir ki, hərbi eskalasiyanın güclənməsi dünya neft bazarında ciddi böhran riskini artırır. Eyni zamanda İranın müttəfiqi olan ölkələrin də ABŞ-İran qarşıdurmasında fəallığını artırması ehtimalı var. Onun fikrincə, İranın hadisələrə verəcəyi cavab reaksiyası Körfəz ölkələrinin ABŞ-yə münasibətinə də təsir göstərə bilər. Bu isə regionda hərbi və siyasi vəziyyətin daha da mürəkkəbləşməsinə gətirib çıxarar.

 

 

Aişə Mustafayeva

#i̇ran-abş #yeni #abş-nin #tankerlərinə #mərhələ?
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər