ABŞ-nin yeni iddiası? Sülh şurası ətrafında müzakirə
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi dayanıqlı sülh naminə əməkdaşlığa və yeni yaradılacaq Sülh Şurasına qoşulmağa dəvət edib. Məktubda Şuranın yeni beynəlxalq təşkilat və Keçid İdarəetmə Administrasiyası kimi təsis ediləcəyi, məqsədin isə Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi və qlobal münaqişələrin həllinə yeni yanaşmanın formalaşdırılması olduğu bildirilib.
Mövzu ilə bağlı olaraq politoloq Natiq Miri “İnformator.az”a açıqlama verib ki, Sülh şurasının altında ortalığa qoyulan bu layihə əslində yeni dünya nizamının açıq işarəsidir və bunu diktə edən Amerika Birləşmiş Ştatlarıdır:
“Bu nə deməkdir? Bu o deməkdir ki, ABŞ artıq dünya jandarmı rolundan çıxır və dünyanın idarə olunması və münasibətlər sistemini diktə edir. Belə bir məsələ nə qədər ədalətli ola bilər? Ayrıca, belə bir qlobal təşkilatın yaranması onu göstərir ki, beynəlxalq təşkilatlar dəfn olunacaq. Yəni BMT səviyyəsində bütün dünya dövlətlərini birləşdirən bir beynəlxalq təşkilatın yarasız olduğu açıq ortadadır. Ancaq BMT-nin yarasız olması əslində qlobal güclərin beynəlxalq hüquqa uyğun davranmadığı və daha çox güc amilinə üstünlük verdiyi və konkret bu cür nəticələr doğurur. Buna görə də, burada siz dünyanı deyil, öncə özünüzü düzəltməyinizə ehtiyac var. Baxış, yanaşma bu kontekstdə olmalıdır. Ancaq görünən odur ki, Amerika Birləşmiş Ştatları başda da Donald Tramp olmaqla öz baxışını dünyaya yeritmək istəyir. Bu dünyaya yeni dünya nizamı ilə bağlı bir təqdimatdır. Əslində bu yeni nizam deyil, yeni nizamsızlığa yönəlik bir addımdır. Azərbaycana da bu müraciət olunub və ən azından adında qlobal bir sülh məsələsi olduğu üçün və bizə Azərbaycan-Ermənistan arasındakı münaqişənin bitməsi üçün verdiyi töhfəyə uyğun olaraq Azərbaycan bir nəzakət qaydasında bunu təqdir edib və bu dəvəti qəbul edib. Ancaq bunun elə ciddi bir böyük dəyişiklik vəd etməyəcək. Məktublar diplomatik protokol xatirinə konkret standartlar, şablon layihələrdir ki, zaman-zaman bu cür məktublar vasitəsilə ifadə olunur. Ona görə bu məktublarla deyil, konkret iki dövlət arasında münasibətlər kontekstində imzalanmış hüquqi sənədlərə istinad etmək lazımdır. Və bu məsələdə yeni münasibətlər sistemindən və perspektivdə inkişafdan danışırıqsa, burada əsas ortaya çıxan məsələ Azərbaycan və ABŞ arasında perspektivdə imzalanacaq strateji tərəfdaşlıq sənədi ola bilər. Lakin bu yöndə artıq ciddi hazırlıqlar görülür. Hətta Azərbaycan Prezidentinin Davosda verdiyi açıqlamaya görə ola bilsin ki, gələn ay, yəni ən azından fevral ayında bu strateji tərəfdaşlıq sənədinin bütün müddəaları və onu əhatə edəcək prinsipial məsələlər sahələr hazır olacaq. Hazır olacaqsa, demək imzalanmağa hazır olacaq və bu Azərbaycan-ABŞ münasibətlərini müəyyən edəcək. Bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsində olacaq ki, burada sülhü inteqrasiyadan tutmuş müdafiə məsələlərinə qədər əməkdaşlıq özündə ehtiva edir”.
Cavahir Əsgərbəyli
