ABŞ Polşada daimi hərbi baza planını genişləndirir
ABŞ Polşa ərazisində daimi Amerika hərbi bazasının yaradılması ilə bağlı danışıqların növbəti mərhələsinə keçib. Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib ki, əhalinin böyük hissəsi bu təşəbbüsü dəstəkləyir. Hazırda Pentaqon mümkün qərarlar üçün hərbi qüvvələrin yerləşdirilməsini nəzərdən keçirir.
Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları ilə Polşa arasında hər tərəfli əməkdaşlığın son illər genişləndiyi bir reallıqdır:
“Xüsusilə də hərbi və təhlükəsizlik baxımından Amerika Birləşmiş Ştatlarının Avropa regionunda, ən yeni strateji müttəfiqi qismində Polşa iştirak eləyir.Yeni hərbi bazasının yaradılması heç şübhəsiz ki, NATO müttəfiqlik çərçivəsində baş tutan bir əməkdaşlıq olmaqla yanaşı, həm də Rusiyaya qarşı Polşanın müdafiəsini, eyni zamanda Pribaltika ölkələrinin müdafiə və təhlükəsizliyinin təmin olunmasında bir strateji yanaşma kimi qiymətləndirilməlidir. Bu əməkdaşlıq NATO üzvü olan digər qonşu ölkələrə qarşı yönəlməyib. Doğrudur, Polşa-Amerika münasibətlərinin inkişaf etdirilməsi ABŞ-nin Avropadakı ənənəvi müttəfiqlərini, xüsusən də Almaniyanı narahat edə bilər. Çünki, son illər bu əməkdaşlıq təkcə hərbi və təhlükəsizlik kontekstində deyil, həm də iqtisadi kontekstdə inkişaf etdirilir. Bu baxımdan dost və müttəfiq ölkələr bu əməkdaşlığın dərinləşməsindən narahat ola bilər”.
Mələk Hüseynova