Milli Dirçəliş Günü: Xalqın azadlıq mübarizəsinin tarixi mərhələsi
17 noyabr- Milli Dirçəliş Günü Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixində mühüm yer tutur. 1988-ci ildə başlayan meydan hərəkatı xalqın milli mənlik şüurunun yüksəlməsində və müstəqil dövlətçilik yolunda mühüm mərhələnin formalaşmasında böyük rol oynayıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında tarixçi Boran Əziz bildirib ki, Milli Dirçəliş Günü uzun illər ərzində Azərbaycan xalqına qarşı həyata keçirilən müstəmləkəçilik siyasətinə, milli və mənəvi dəyərlərin tapdalanmasına, eləcə də Moskvanın erməni separatizminə dəstək verən mövqeyinə qarşı yaranan narazılığın nəticəsi idi:
“Milli dirçəlişin əsas göstəricilərindən biri xalqın milli-mənəvi dəyərlərini qoruması və milli mənlik şüurunun yüksəlməsidir. 1988-ci ildə SSRİ-nin zəiflədiyi dövrdə Moskvanın Azərbaycana qarşı mövqeyi, erməni separatizminə və terrorizminə dəstək verməsi xalqın narazılığını daha da artırdı. Halbuki 1920-ci ildə Azərbaycanın işğalından, eləcə də Zaqafqaziya Federasiyası və SSRİ yaradılarkən ölkənin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin qorunması ilə bağlı öhdəliklər götürülmüşdü. Lakin bu öhdəliklər yerinə yetirilmədi. Azərbaycan ordusunun tərksilah edilməsi, xalqın etirazlarına Moskvanın laqeyd münasibəti, sovet dövründə həyata keçirilən repressiyalar və ayrı-seçkilik siyasəti cəmiyyətdə hakimiyyətə inamsızlığı gücləndirdi. İllərlə toplanan narazılıqlar 1988-ci il noyabrın 17-də kütləvi etiraz hərəkatına çevrildi. Həmin gün xalq indiki Azadlıq, o dövrdə Lenin adlanan meydana toplaşmağa başladı. Hərəkatın əsas qüvvələri arasında Azərbaycan Elmlər Akademiyasının alimləri, Bakı Dövlət Universitetinin tələbə və müəllimləri, eləcə də fabrik və zavodların fəhlələri vardı. Etirazçılar erməni separatizmi və terrorizminin dayandırılmasını, Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanlarının buraxılmasını, baş verən hadisələr barədə xalqa açıq məlumat verilməsini tələb edirdilər. 17 gün davam edən mitinqlər xalqın azadlıq iradəsini nümayiş etdirdi. Azərbaycan xalqı meydana SSRİ-nin simvolu olan oraq və çəkic təsvirli qırmızı bayraqla daxil olmuş, oradan isə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilə çıxmışdı. Həmin bayrağın hazırlanmasında fədakarlıq göstərən insanları minnətdarlıqla xatırlayırıq. Dekabrın 4-dən 5-nə keçən gecə SSRİ Daxili İşlər Nazirliyinin qüvvələri mitinqi dağıtsa da, bu hadisə xalqın mübarizə əzmini sarsıda bilmədi. Əksinə, insanlar Moskvanın Azərbaycana dəstək verməyəcəyini və müstəqillik uğrunda mübarizənin vacibliyini daha aydın dərk etdilər. Milli Dirçəliş hərəkatı müstəqil dövlət quruculuğuna aparan yolda mühüm tarixi mərhələ oldu. Rus qoşunlarının amansız davranışına baxmayaraq, xalq mübarizədən geri çəkilmədi. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra dövlətçiliyimizin formalaşmasına aparan bu tarixi yolu xatırlamaq xüsusi əhəmiyyət daşıyır. 1988-ci ildə xalqın çəkdiyi əziyyətlər və verdiyi qurbanlar hədər getmədi. Buna görə də Milli Dirçəliş Günü hər birimiz üçün əzizdir. Bu günü yüksək qiymətləndirən hər kəsi təbrik edir, onlara cansağlığı və işlərində uğurlar arzulayıram".
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Azər Allahverənov bildirib ki, Milli Dirçəliş Günü milli həmrəyliyin, azadlıq iradəsinin və dövlət müstəqilliyinin qorunmasının əhəmiyyətini özündə birləşdirən tarixi hadisədir:
“1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan mitinqlər Azərbaycan xalqının milli oyanışının mühüm mərhələsi oldu. Həmin dövrdə Sovet rəhbərliyinin Qarabağ məsələsindəki ədalətsiz siyasətinə, separatçı ərazi iddialarına və xalqın hüquqlarının pozulmasına qarşı etirazlar geniş vüsət almışdı. Müxtəlif sosial təbəqələrdən olan insanlar vahid məqsəd ətrafında birləşərək milli maraqların müdafiəsinə qalxmışdılar. Həmin hadisələrin fəal iştirakçısı kimi deyə bilərəm ki, o zaman 16 yaşım olmasına baxmayaraq, məktəb yoldaşlarımla birlikdə mitinqlərdə iştirak edirdik. Yüz minlərlə insanın qısa müddətdə meydana toplaşması milli həmrəyliyin və azadlıq ideyasına bağlılığın göstəricisi idi. Bu hərəkat yalnız Azərbaycanda deyil, digər Sovet respublikalarında da milli azadlıq proseslərinə təsir göstərdi. Gürcüstan, Latviya və başqa respublikalarda da xalqın mərkəzi hakimiyyətə qarşı etirazları gücləndi. Noyabr mitinqləri dekabrın 4-dən 5-nə keçən gecə Sovet qoşunları tərəfindən dağıdılsa da, xalqın azadlıq iradəsini dayandırmaq mümkün olmadı. Bu hadisələr müstəqilliyin bərpasına aparan yolun mühüm dönüş nöqtələrindən birinə çevrildi. Ümummilli Lider Heydər Əliyevin də vurğuladığı kimi, müstəqilliyi qazanmaq çətindir, onu qoruyub saxlamaq isə daha çətindir. Sonrakı hadisələr, o cümlədən Birinci Qarabağ müharibəsi göstərdi ki, müstəqillik uğrunda mübarizə ciddi sınaqlarla müşayiət olunur. 1988-ci ildə xalqı meydana gətirən əsas narahatlıqlardan biri də Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş iddialar idi. Bu baxımdan 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ildə suverenliyimizin tam bərpası Milli Dirçəliş hərəkatı ilə başlayan tarixi yolun mühüm nəticələridir. 44 günlük müharibədə xalqın nümayiş etdirdiyi birlik və həmrəylik 1988-ci il hadisələrindəki milli ruhu bir daha xatırlatdı. Bu tarixi irsin gələcək nəsillərə çatdırılması üçün məktəb və universitetlərdə açıq dərslər, seminarlar, dəyirmi masalar təşkil edilməli, həmin dövrü əks etdirən fotoşəkillər, videolar, qəzet materialları və şahid xatirələri gənclərə təqdim olunmalıdır. Sosial şəbəkələrdə maarifləndirici videoların, elektron kitabların və süni intellekt imkanlarından istifadə etməklə rəqəmsal materialların hazırlanması da bu baxımdan faydalı ola bilər. Milli Dirçəliş Günü Azərbaycan xalqının milli oyanışından müstəqilliyə, oradan isə ərazi bütövlüyünün və suverenliyin bərpasına uzanan tarixi yolun rəmzidir. Gənc nəsil bu tarixi nə qədər dərindən dərk etsə, müstəqil Azərbaycanın gələcəyi qarşısında məsuliyyətini də bir o qədər yaxşı anlayacaq”.
Güllüzar Nəbili