ABŞ Prezidenti İranla yekun sazişin təsdiqləndiyini bildirib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran rəhbərliyi ilə aparılan müzakirələr ən yüksək səviyyədə yekunlaşdırılıb və tərəflər yekun razılaşmanı təsdiqləyiblər.
Tramp bu barədə sosial şəbəkədə paylaşım edib.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, burada qeyri-müəyyənlik mövcuddur. ABŞ Prezidenti yaxın günlərdə, hətta gələn həftə İranla razılaşmanın imzalana biləcəyini bəyan edib. Lakin İran tərəfi bu məlumatı hələ təsdiqləməyib:
“Yaxın vaxtlarda tərəflər arasında qısa hərbi insident də yaşanıb. Məlumatlara görə, ABŞ-ə məxsus helikopterin vurulmasından sonra ABŞ cavab zərbələri endirib. Bu hadisələr münaqişənin yenidən eskalasiya oluna biləcəyi ilə bağlı narahatlıqları artırıb. Bununla belə, ABŞ Prezidentinin İranla danışıqların yüksək səviyyədə başa çatdığını bildirməsi müəyyən suallar yaradır. Hazırda tərəflər arasında, ayrı-ayrı insidentlər istisna olmaqla, açıq qarşıdurma müşahidə olunmur və faktiki olaraq atəşkəsə yaxın vəziyyət mövcuddur. Bu isə tərəflər arasında müəyyən təmasların davam etdiyini göstərir. Bildiyimiz kimi, bu prosesdə Pakistanın da müəyyən aktivliyi var. Əsas məsələ tərəflərin qırmızı xətlərinin necə uzlaşdırılmasıdır. Xüsusilə İranın nüvə proqramı həm Tehran, həm də Vaşinqton üçün prinsipial məsələ olaraq qalır. İran nüvə proqramından tamamilə imtina etmək niyyətində olmadığını, onu mülki məqsədlərlə davam etdirmək istədiyini bildirir. ABŞ isə İranın əsas məqsədinin nüvə silahı əldə etmək olduğunu iddia edir və uranın 60 faizə qədər zənginləşdirilməsini buna sübut kimi göstərir. Tərəflər arasında nüvə proqramının məhdudlaşdırılması müddəti ilə bağlı da fikir ayrılığı mövcuddur. ABŞ İranın nüvə proqramının təxminən 20 il müddətinə dayandırılmasını təklif edib. İran isə əvvəlcə 5 il, daha sonra isə bir qədər uzun müddətə məhdudiyyət tətbiq etməyə hazır olduğunu bildirib. Lakin bu məsələdə hələlik ortaq mövqe əldə olunmayıb. Digər mühüm məsələ Hörmüz boğazı üzərində nəzarət məsələsidir”.
Ekspert həmçinin bunu da qeyd edib ki, İran heç bir halda ABŞ-nin bu bölgədə hər hansı formada nəzarətini qəbul etmir:
“Buna görə də bu problemin hansı şəkildə həll olunacağı açıq sual olaraq qalır. ABŞ-də qarşıdan gələn seçkilər də prosesə ciddi təsir göstərən amillərdən biridir. Donald Tramp və Respublikaçılar Partiyası üçün İranla münasibətlərdə əldə olunacaq nəticə mühüm siyasi əhəmiyyət daşıyır. İranla qarşıdurmadan üstün mövqedə çıxmaq və ya əksinə, mövqelərini zəiflətmək seçkilərin nəticələrinə təsir göstərə bilər. Respublikaçıların seçkilərdə uğursuzluğa düçar olması onların gələcək siyasi perspektivlərinə uzunmüddətli mənfi təsir göstərə bilər. Bu səbəbdən ABŞ rəhbərliyi üçün İranla münasibətlərin tənzimlənməsi olduqca vacib məsələdir. Məhz buna görə də Vaşinqtonun daha kompromisli mövqe tutmağa çalışacağı ehtimal olunur. Məqsəd həm gərginliyi azaltmaq, həm də seçkilər ərəfəsində daha sabit siyasi mühit formalaşdırmaqdır. Bu baxımdan yaxın günlərdə və ya gələn həftə İranla ABŞ arasında müəyyən razılaşmanın əldə olunması mümkündür. Lakin həmin razılaşmanın konkret şərtləri barədə hələlik açıq və dəqiq məlumat yoxdur”.
Güllər Gülhüseynova