ABŞ və Avropa Ukrayna ilə birgə hərbi plan hazırlayıb
Rusiya atəşkəsi pozarsa, ABŞ və Avropa ölkələri Ukrayna ilə birgə hərbi cavab verməyə hazırdır. “Faynənşl Tayms”ın məlumatına görə, plan üç mərhələdən ibarətdir: ilkin diplomatik xəbərdarlıq, genişmiqyaslı koalisiyalı cavab və əgər atəşkəs pozuntusu işğala çevrilərsə, ABŞ və Avropa qüvvələrinin birgə hərbi əməliyyatları. Ukrayna, ABŞ və Avropa ölkələri artıq bu dəstək planı ilə bağlı razılığa gəlib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Taleh Əliyev bildirib ki, Avropa mətbuatında dərc olunan bu məlumat əslində reallığı əks etdirmir:
"Çünki bu gün ortada atəşkəs haqqında bir saziş yoxdur və belə bir sənəd olmadığına görə də söhbət hansı atəşkəsin pozulmasından getdiyi, tərəflərin üzərinə götürdüyü öhdəliklərin nədən ibarət olduğu məlum deyil. Xüsusilə də atəşkəsi pozacaq Rusiyaya qarşı bu xəbərdarlığın hansı mərhələdən sonra baş verəcəyi aydın deyil. Doğrudur, sadalanır ki, atəşkəs Rusiya vasitəsilə pozularsa, əvvəl xəbərdarlıq, sonra birgə hərbi əməliyyatlar olacaq. Amma belə bir razılaşma ortada olmadığı üçün bunu xəyali plan adlandırmaq daha doğru olar. Bu, hazırkı mərhələdə psixoloji savaşın, informasiya müharibəsinin tərkib hissəsidir. Ukraynaya Qərb tərəfinin verdiyi mənəvi-psixoloji dəstəkdir. Eyni zamanda bu, Rusiya ilə Qərbin hazırkı mərhələdə olan münasibətlərinin psixoloji savaş elementləri üzərindən yürüdülməsindən başqa bir şey deyil. Çünki bu gün ortada konkret hər hansı bir atəşkəs haqqında razılaşma yoxdur və belə bir razılaşma olmadığına görə olmayan razılaşmanın pozulması üçün hər hansı planın mexanizmə çevrilməsi real deyil".
Gövhər Mehyəddinova
