ABŞ və İran arasında gərginlik yenidən artır- ŞƏRH
ABŞ və İran arasında gərginlik yenidən artmaqdadır. Vaşinqton Tehranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyə mane olmaq cəhdlərinə sərt cavab veriləcəyini bəyan edib. ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib ki, İran bu istiqamətdə təhdidlərini reallaşdıracağı təqdirdə, ABŞ İranın hərbi infrastrukturunu hədəf almağa davam edəcək. Bununla yanaşı, Vaşinqton diplomatik danışıqların davam etdiyini, lakin ABŞ Prezidenti Donald Trampın səbrinin sonsuz olmadığını da vurğulayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, bu bəyanat regionda gərginliyin yenidən yüksəlməsi riskini göstərir:
“ABŞ açıq mesaj verir ki, Hörmüz boğazında gəmiçilik təhdid edilərsə, bunu yalnız diplomatik məsələ yox, hərbi təhlükə kimi qiymətləndirəcək. İranın boğazı tam bağlaması asan deyil, çünki bu ABŞ və müttəfiqlərinin birbaşa hərbi cavabını doğura bilər. Amma Tehran mina, sürətli katerlər, dronlar, raketlər və gəmilərə təzyiq vasitəsilə keçidi müvəqqəti ləngidə, sığorta və daşınma xərclərini artıra bilər. Yəni real risk tam bağlanmadan çox, “idarə olunan xaos” ssenarisidir".
Politoloq əlavə edib ki, Hörmüz boğazı dünya enerji təhlükəsizliyinin ən həssas nöqtələrindən biridir:
“Buradan qlobal neft axınının təxminən beşdə biri keçir, həmçinin Qətər və BƏƏ LNG ixracının böyük hissəsi bu marşrutdan asılıdır. Ona görə boğazın bağlanması və ya təhlükə altına düşməsi neft və qaz qiymətlərində kəskin artıma, Asiya bazarlarında enerji çatışmazlığı qorxusuna, Avropada isə inflyasiya təzyiqinin yenidən güclənməsinə səbəb ola bilər. Bu səbəbdən Hörmüz təkcə İran-ABŞ qarşıdurmasının deyil, bütün dünya iqtisadiyyatının “sinir nöqtəsi” hesab olunur".
Mehriban Yariyeva