00:00:00
Yazar
Zəhra Həsənova
26.06.2026 21:52 25 3 dəq oxuma
Siyasət

ABŞ və İran arasında hərbi rabitə kanalının yaradılması razılaşdırılıb - ŞƏRH

ABŞ və İran arasında hərbi rabitə kanalının yaradılması razılaşdırılıb - ŞƏRH

ABŞ və İran arasında gərginliyin azaldılması məqsədilə hərbi rabitə kanalının yaradılması barədə prinsipial razılıq əldə olunub.

 

Məlumata görə, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "UnHerd" nəşrinə müsahibəsində bildirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, razılaşmanın iki ölkə arasındakı ziddiyyətləri ani olaraq həll edəcəyi düşüncəsində olmaq, təbii ki, doğru deyil:

 

"Bu razılaşma bir neçə gün əvvəl ABŞ və İran Prezidentinin imzaladıqları memorandumun ruhuna uyğundur. Çünki həmin memorandumda yüksək səviyyəli komitənin yaradılması, Livanda atəşkəsə nəzarət edən işçi qrupunun yaradılması və sair kimi belə keçici komitələrin yaradılması barədə razılaşma var. Görünür ki, həmin o memorandumun ruhuna uyğun olaraq belə bir addım atılıb.
Hərbi rabitə kanalının yaradılması o deməkdir ki, hər iki ölkənin hərbi komandanlıqları birbaşa rabitəyə keçə biləcəklər. Əlbəttə, bu əhəmiyyətli bir razılaşma olsa da, Amerika-İran ziddiyyətlərini ani olaraq həll edəcək bir addım təsəvvürü yaratmamalıdır. Unutmayaq ki, hərbi komandanlıqlar arasında birbaşa rabitə müharibə dövrü ilə müqayisədə irəliyə doğru addımdır, amma heç bir halda iki ölkənin hərbi komandanlıqları özbaşına qərar qəbul etmirlər. Ölkələrinin siyasi dairələri, dövlət orqanları, prezidentləri, ali baş komandanları hansı əmr və qərarı verirlərsə, onlar ona uyğun hərəkət edirlər.
Ona görə də, hərbi komandanlıqlar arasında birbaşa rabitənin yaranması İranla Amerikanın arasındakı münaqişə yaratmış problemlərin qısa müddətdə aradan qaldıracaq gücdə deyil. Eyforiyaya qapılıb belə bir komitənin bir anın içində hər şeyi dəyişəcəyini də söyləmək çətindir. Hərbi rabitə kanalının yaradılması özlüyündə bir rabitədir. Ölkələrin siyasi orqanlarının arasında da rabitə kanalları ola bilər, ölkələrin müxtəlif dövlət strukturları arasında da rabitə kanalları ola bilər. Ona görə də, İran-ABŞ konfliktinin həll olunması hərbi rabitə kanalının yaradılmasından yox, ölkələrin siyasi rəhbərliyinin mövqeyində və baxışlarında dəyişiklikdən çox asılıdır. Əgər ölkələrin siyasi rəhbərlərinin, dövlət rəhbərlərinin baxışları bir-birinə tamamilə ziddirsə, ortada davakar ritorika varsa, baxışlar tam bir-birinin əleyhinədirsə, onda hərbi rabitə kanalının mövcud olması heç nəyi prinsipial olaraq dəyişməz. Ona görə də, ABŞ və İran rəhbərliyi hərbi rabitə kanalının yaradılmasına bir növbəti addımların başlanğıcı ola biləcək yenilik kimi baxmalıdırlar. Əgər bunun üzərində memorandumun müəyyən maddələri ilə bağlı razılaşmanın əldə olunması üçün daha intensiv və məzmunlu danışıqlar aparılacaqsa, bəli, bu hərbi rabitə kanalını əhəmiyyətli hesab eləmək olar. Bu kanalın yaradılmasından sonra İran və ABŞ Hörmüz boğazının iş rejimi, İranın sanksiyaları, İranın dondurulmuş pulları, İranın nüvə proqramı və sair bu kimi məsələlərlə bağlı konkret razılaşma mexanizmləri işləyə bilsələr, bəli, hesab eləmək olar ki, bu hərbi rabitə kanalı artıq öz işini görür. Amma hər şeyin hərbi rabitə kanalının yaradılmasından asılı vəziyyətdə təsəvvür eləmək düz deyil. Hərbi rabitə kanalı yalnız prosesin sonrakı gedişində yeni mütərəqqi təzahürlərin başlanğıcı ola bilər, o da əgər tərəflər bunu istəsələr. Ona görə də, bunu İran-ABŞ münasibətlərində mütərəqqi bir addım kimi qiymətləndirmək lazımdır, ancaq heç də hər şeyi həll edən bir addım deyil".

 

Aişə Mustafayeva

#ABŞ #İran #müharibə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər